Siyasət 18:43 10.08.2022

Dəhlizin açılması dünya ölkələrinə yüz minlərlə iş yeri, milyardlarla gəlir vəd edir (ŞƏRH)

"Azərbaycanı Naxcıvan bölgəsi ilə birləşdirəcək dəhliz mütləq açılacaq, itirən isə Ermənistan olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, vaxtı ilə Ermənistanın işğalçılıq siyasəti onun neft-qaz layihələrindən kənarda qalmasına səbəb oldu: 

"Azərbaycan ağrılı Qarabağ məsələsini demək olar ki, həll edib. Müəyyən məsələlər qalıb ki, bu da zamanla həll edilir. Bütün məsələlər Azərbaycan ərazi bütövlüyünü tam təmin edilmək şərti ilə öz həllini tapacaq. Bunun üçün Azərbaycanın siyasi iradəsi, uzaqgörən lideri və Prezident İlham Əliyevin siyasətini dəstələyən Azərbaycan ictimaiyyəti var. Bu gün müstəqil dövlət kimi Azərbaycanın qarşısında digər  məsələlər də durur. Onların içərisində ən önəmlisi Azərbaycanın əsas hissəsi ilə Naxşıvan bölgəsini birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Bu təkcə Azərbaycana gərək olan məsələ deyil. Düzdür, Azərbaycan üçün bu, strateji, əsas dövlət məsələlərindən biridir. Bu, daha çox dünyaya lazımdır. Zəngəzur dəhlizinin açılması Azərbaycan, Ermənistan, Naxçıvan, Türkiyə vasitəsi ilə Avropaya, eyni zamanda, ərəb ölkələrinə, Afrikaya yolun açılmasını və əks istiqamətdə hərəkətin mümkünlüyünü təmin edir. Bu, yüz minlərlə iş yeri, dəhlizin keçdiyi ölkələrin büdcəsinə milyardlarla gəlir deməkdir”. 
 


Aydın Mirzəzadənin fikirincə, Ermənistanın qatı millətçilik ideologiyası İrəvanı belə layihələrdən faydalanmaqdan məhrum edir:

"Ermənistanın nəinki müxalifəti, hətta bəzi rəsmi dairələri də maksimim prosesi ləngitməyə və Azərbaycan üçün problem yaratmağa çalışırlar. Amma Azərbaycan bu problemi də mütləq həll edəcək”. 

O ki qaldı dəhliz məsələsində Avropanın kimi dəstəkləməsinə, Aydın Mirzəzadə Azərbaycanın apardığı siyasətin bu gün beynəlxalq hüquq normalarına uyğun olduğunu qeyd edib:

"Azərbaycanın apardığı siyasət onlarla ölkənin milli maraqlarına uyğundur. Avpora heç bir zaman öz milli maraqlarını Ermənistanın çirkin, işğalçılıq siyasətinə qurban verməyəcək. Hansısa dairələr Ermənistanın siyasətini dəstəkləyə bilər, amma Avropanın praqmatik siyasəti istər-istəməz onu bütün məsələrə, o cümlədən Zəngəzur dəhlizi məsələsinə soyuq ağılla baxmağa məcbur edəcək”.

Bahar Rüstəmli