Dünya 16:50 18.12.2023

Dekabrda "Aeroflot"un altıncı təyyarəsi havada xarab oldu

Dekabrın 18-də səhər saatlarında Moskvadan İrəvana uçan "Aeroflot” aviaşirkətinə məxsus "Boeing 737” sərnişin təyyarəsi Şeremetyevo hava limanında məcburi eniş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” məlumat yayıb

Nəşr "Beşinci” kanala istinadən yazır ki, pilot ön şassinin nasazlığı səbəbindən uçuş nöqtəsinə qayıtmaq qərarına gəlib.

Bu, ayın əvvəlindən bəri Rusiyanın ən böyük aviadaşıyıcısının təyyarələri ilə bağlı altıncı insidentdir. Dekabrın 1-də şirkətin Airbus A321 təyyarəsi kondisioner sistemindəki problemə görə Pulkovoda eniş edib. Həmin gün "Aeroflot”a məxsus "Boeing 737” təyyarəsi eniş qurğusunun təzyiqini itirdiyinə görə Yujno-Saxalinskdə məcburi eniş edib.

Dekabrın 2-də milli aviadaşıyıcının Airbus A321 təyyarəsi sol mühərriki sıradan çıxdıqdan sonra Şeremetyevoda qəza enişi edib. Dekabrın 6-da "Aeroflot”un "Boeing 777” təyyarəsində qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Dekabrın 12-də aviadaşıyıcının Krasnoyarskdan Phuketə uçan "Boeing” təyyarəsi texniki nasazlıq səbəbindən iki dəfə hava limanından qalxa bilməyib.

Daha öncə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib ki, ilin əvvəlindən bu yana 11 ay ərzində təyyarələrlə 670 insident qeydə alınıb. Eyni zamanda, 400 insident (və ya 60%) təyyarə avadanlıqlarının və mühərriklərinin nasazlığı ilə bağlı olub. 

Qurumun bəyanatından sonra Rusiyanın baş naziri Mixail Mişustin Federal Hava Nəqliyyatı Agentliyinin rəis müavini Georgi Baxarevi vəzifəsindən azad edib.

Nizami Bağırov