Siyasət 15:33 29.12.2022

Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılcaqmı?

"İrəvan Qazıxın yalnız 2-3 kəndinin qaytarılmasına razılıq verib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin müzakirəsi fonunda Azərbaycana qaytarılacaq Qazaxın 7 və Naxçıvanın Kərki kəndilə bağlı məsələnin də müzakirə edilib-edilmədiyinə aydınlıq gətirərkən deyib. Politoloq bildirib ki, Ermənistanın Gürcüstanla bilavasitə əlaqələrində loqistik mərkəz rolunu oynayan kəndləri Bakıya qaytarmaq istəmir:



"Əlbəttə ki, bu məsələ də müzakirə predmetidir. Son Soçi görüşündə də 8 kənd məsələsi müzakirə olunub. İrəvan yalnız Qazaxın 2-3 kəndinin qaytarılmasına razılıq verib. Bu kəndlər Azərbaycan üçün o qədər də strateji əhəmiyyət daşımır. Ermənistanın Gürcüstanla bilavasitə əlaqələrində loqistik mərkəz rolunu oynayan kəndləri isə Bakıya qaytarmaq istəmir. Ona görə də məsələ gündəmdə olsa da, sərhədlərin müəyyənləşmə prosesi də dayandırılıb”. 
 
Natiq Miri bildirib ki, hazırda sözügedən məsələ ətrafında hər hansı bir proses getmir:
 
"İrəvan Laçın yolundakı etirazları bəhanə edib, sülh müqaviləsinin müzakirə edilməsi məsələsini də dayandırıb. Amma bu durğunluğun uzun müddətli olmadığını düşünürəm. Çünki Rusiya və Azərbaycan buna imkan verməyəcək. Ermənistanın hara qədər dirənməsi Azərbaycanın Laçın yolundakı etiraz siyasətində nə qədər ardıcıl və davamlı olması ilə müəyyənləşəcək. Prosesin sonu olaraq konkret nəticələr əldə etməliyik ki, bu da bilavasitə sərhədə nəzarətin Azərbaycan dövlət strukturlarının nəzarətinə keçməsidir. Yalnız bundan sonra Ermənistan prosesi müzakirə etməyə hazır olacaq. İndiki halda isə Ermənistan zamana oynamaqda davam edir”. 



Qeyd edək ki, Qazax rayonun 7 kəndi - Bağanis Ayrım (24.03.1990), Xeyrimli (08.03.1992), Aşağı Əskipara (12.03.1992), Barxudarlı (27.04.1992), Sofulu (27.04.1992) Qızılhacılı (11.05.1992), Yuxarı Əskipara (08.06.1992) və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidinə daxil olan Kərki (yanvar, 1990) kəndləri hazırda erməni işğalı altındadır.

Rüfət Sultan