Ölkə 17:34 05.09.2023

Dərslər başlayır, Bakını “tıxac bəlası” gözləyir - Çıxış yolu nədir?

"Bakı şəhərində tıxacları tam aradan qaldırmaq qeyri-mümkindür”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sentyabrın 15-də orta və ali məktəblərdə dərslərin başlanması ilə əlaqədar yaranan tıxaclardan danışarkən deyib. 

O bildirib ki, qismən də olsa, bu tıxacları yaradan subyektiv səbəbləri aradan qaldırmaq olar:

"Bunun üçün ilk növbədə nizamsız tikililər dayandırılmalıdır. Səkilərin zəbt olunması, avtomobil yollarının üzərində çox mərtəbəli binaların tikintisi dayandırılıb, nəzarətə götürülməlidir. Müvafiq qurumlar tərəfindən abadlıq işləri adı ilə avtomobil yollarının daraldılması və "butukla effekti”nin qarşısı alınmalıdır”.



Ekspertin fikirincə, Bakı şəhərində parklanmanın təşkil olunması təcili sürətləndirilməlidir:

"İşlər çox ləng gedir. Düzdür, bu gün parklanma ilə  bağlı mühim addımlar atılıb, qanunvericilik və mobil tətbiq hazırlanıb. Lakin Bakı şəhərində olan bütün parklanma yerlərinin ünvanları hələ də vətəndaşlar üçün açıqlanmayıb. Dövlətin balansında olan parklanma yerlərinin ünvanları təcili qaydada vətəndaşlar üçün açıq olmalıdır. Müvafiq qurumun portalında göstərilməlidir ki, vətəndaşlar avtomobillərini harada saxlaya bilərlər. Yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerləri olmalıdır. Bu da şəhərsalma və arxitektura qaydalarına uyğundur və dövlət proqramında da təsbiq olunub”. 

Bahar Rüstəmli