İdman 15:28 16.05.2022

Dibala "Yuventus"la vidalaşdı

Paulo Dibala mövsümün sonunda "Yuventus"dan ayrılacaq. 

Qaynarinfo xəbər verir ki, argentinalı futbolçu bu haqda özü açıqlama verib. Şəxsi sosial media hesabında "Yuventus" azarkeşlərinə və komandaya vida mesajı verən ulduz futbolçu, Turin təmsilçisində 7 il ərzində keçirdiyi hər matçı, vurduğu qolları heç vaxt unutmayacağını bildirib.

28 yaşlı futbolçu açıqlamasında bunları deyib: "Heç kimin bizdən ala bilməyəcəyi sehrli 7 il və 12 kubok... Çətin anlarımda mənə dəstək olduğunuz üçün təşəkkür edirəm. Bu formanı geyinmək mənim üçün böyük şərəfdir. Sabah sonuncu dəfə bu forma ilə oynayacağam. Təsəvvür etmək çətindir, amma bu bizim son görüşümüz olacaq. Asan deyil, amma bu komanda üçün hər şeyi verdiyimi bilə-bilə gülümsəyib, başımı dik tutaraq meydana çıxacağam”.

Dibala 2015-ci ildə 40 milyon avro qarşılığında "Palermo"dan "Yuventus"a transfer olunmuşdu. O, "Yuventus"da oynadığı illər ərzində 12 kubok qazanıb. O, Turin təmsilçisinin heyətində meydana çıxdığı 291 matçda 115 qol vurub, 48 məhsuldar ötürmə edib. "Ağ-qaralar”ın heyətində 5 dəfə İtaliya çempionu olan, 4 ölkə kuboku və 3 Superkubok qazanan ulduz futbolçu bu mövsüm meydana çıxdığı 37 oyunda 15 qola, 6 məhsuldar ötürməyə imza atıb. O, mövsümün sonunda komandası ilə müqaviləsini yeniləməyəcəyini bildirərək, "Yuventus"dan ayrılacağını rəsmən açıqlayıb.

Argentinalının yeni ünvanı artıq maraq mövzusu olub. Adı "İnter”, "Tottenhem”, "Atletiko" və PSJ kimi komandalarla hallanan Dybala üçün son iddia "Corriere dello Sport”dan gəlib. Bir müddət öncə baş məşqçi Erik ten Haqla anlaşan "Mançester Yunayted”in Dibalanı transfer etmək istədiyi bildirilir.
 
Səbuhi Həsənov