Vüsal Bağırlı
Ölkə 18:21 30.11.2020

Dieqonun sehrli əli, Teymurun zəfəri...

 Vüsal Bağırlı

Dieqonun sehrli əli, Teymurun zəfəri...

Dieqo Maradona: "Futbola təşəkkür edirəm, ona görə ki, mənə azadlıq və sevinc hissi bəxş etdi. Sanki, əllərimlə səmaya toxundum. 
Topa minnətdaram.

Başdaşıma elə bu cür də yazın - Topa minnətdaram !"

Futbola marağım lap uşaqlığımdan başlayır. Təxminən 5-6 yaşlarımdan. Yadıma düşür, ağ-qara TV önündə əyləşmiş atam məni yuxudan oyatmaq üçün bərkdən səsləyərdi. Məni yanına çağırardı.

"Gəl otur yanımda, birlikdə baxaq. Tək darıxıram” deyərdi.

Çar-naçar yuxuma haram qatıb, isti çarpayıdan qalxır, gəlib atamın yanında otururdum. Qaydaları bilmirdim. Sualları yağış kimi yağdırırdım. 

"Aut, künc zərbəsi, penal nədir? Oyundan kənar vəziyyət necə olur? Niyə bu oyun yalnız ayaqla oynanılır?”

O, isə bezmirdi, hər sualı səbrlə izah edirdi. Başa salırdı.

Beləcə, get-gedə əsl futbol azarkeşinə çevrildim: qızğın və emosional.

Maraqla baxdığım ilk böyük yarış isə 1986-cı ildə Meksikada keçirilən dünya çempionatı oldu. Həmin çempionatda kimlər yox idi: Platini, Ziko, həkim Sokrates, Bekkenbauer, Rumeniqqe, Lineker, Şifo, Belanov, Altobelli və sair.

Lakin, onlar üzüyün sadəcə halqası idilər. Həmin çempionatın brilyant qaşı şübhəsiz ki, əfsanəvi Dieqo Armando Maradona idi.

Bu balacaboy, tösmərək, təşər oğlan heç nədən möcüzə yaradan əsl futbol sehrbazı idi. Meydanda inanılmaz fintlər edir, driblinqlər göstərirdi.

"Bapbalaca boyu, dam dolusu toyu” ilə rəqibin Çin səddi müdafiəsini çaş-baş salırdı. Bir göz qırpımında yarırdı. O, hərtərəfli idmançı idi. Sanki, futbol üçün yaranmış canlı məxluq idi. Gah qapıya sərrast zərbələr endirir, gah oyundaşlarına iti, dəqiq ötürmələr verir, gah da rahat bir şəkildə bütün rəqib oyunçuları qapıçı qarışıq aldadıb keçə bilirdi. O, həm virtuoz idi, həm dirijor idi, həm də bombardir.

Ayaqla, başla, sinə ilə, hətta əllə qol vururdu. Onu saxlamaq, durdurmaq qeyri-mümkün idi.

Dünyada indiyə qədər bir çox güclü futbolçular (Pele, Ronaldinyo, Ronaldo, Ronaldu, Messi, Zidan, Platini və s.) olub və hər bir azarkeş öz sevdiyi oyunçunu ən yaxşı hesab edir.

Lakin, mənim üçün dünya futbol tarixinin gəlib-keçmiş "number one” ən yaxşı futbolçusu şübhəsiz ki, Dieqo Armando Maradonadır.

***
Bir neçə gün bundan əvvəl, sevindirici bir xəbər aldıq. Tanınmış qrossmeysterlərin yer aldığı "Skilling Open 2020” adlı nüfuzlu turnirdə Teymur Rəcəbov rəqibi Levon Aronyana qalib gəlib.

Özü də düşüncə, səbr və dözüm tələb edən qədim oyun növü şahmatda. İntellekt və zəka yarışında.
Bu nə deməkdir?

Bu o deməkdir ki, bütün işlərdə düşmənin nəfəsini kəsmişik, belini qırmışıq. Fərq etmir hansı - informasiya, siyasət, hərb, iqtisadiyyat, idman - hər sahədə üstünük, güclüyük. Bütün bunlar əladır, sevindirir, ürək açır, öz yerində.

Fəqət, bir nüans vardır ki, o məni bərk narahat edir.

Ermənilərin bir oyunçusu vardır, Henrix Mixitaryan adında. "Şaxtyor” Donetsk, "Borsussiya” Dortmund, London "Arsenal”ı kimi nəhəng klublarda çıxış edib. Hal-hazırda daha bir dünya səviyyəli klubda, "Roma”da oynayır.

Sözümün canı nədir?

Bir dənə, səviyyəli, Mixitaryana cavab verə biləcək futbolçu yetişdirə bilsəydik...!?