Amal Abuşov
İdman 12:31 26.03.2022

Dindirir Malta bizi, dinməyiriz...

Biz hələ də Elxan Məmmədovun, Canni De Byazinin nağıllarına qulaq asmaqda, özümüzü şirin yuxuya verməkdəyik. Məsələ heç də hesabda deyil. Futboldu, qol vurarsan, vurmazsan. Məsələ ondadı ki, millimiz Malta ilə oyunda autsayder görüntüsündəyidi, nə normal hücum qura bilirdik, nə də səliqəylə müdafiə olunurduq.
 
Amal Abuşov
 
Dindirir əsr bizi, dinməyiriz,
Atılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz. (M.Ə.Sabir)

Dahi Mirzə Ələkbər Sabir bu sətirləri yazanda hələ 20-ci əsrin əvvəlləri idi. Üzərindən 100 ildən çox keçib, təəssüflər olsun ki, hələ də dəyişməmişik. Dəyişmək istəmirik. Ən acınacaqlısı budu. Bu dəfə Maltanın atdığı toplar, daha doğrusu, qapımıza vurduğu top bizi oyandırmalıydı. Di gəl ki, qəflət yuxusuna çox möhkəm getmişik. Yuxu bizə şirin gəlir. Oyanmaq, ətrafda nəyin baş verdiyindən xəbər tutmaq istəmirik.

Bizim bəh-bəhlə başa keçirdiyimiz Canni De Byazinin həmvətənləri italyanlar Şimali Makedoniyaya uduzdu və dünya çempionatının final mərhələsinə yüksəlmək şansını itirdi. Vaxt var idi, Şimali Makedoniya bizimlə eyni sıralarda yer alırdı. Futbol inkişaf edir, bir yerdə dayanmır. Hamı bu sehirli top oyununu oynamağı öyrənir, az-çox uğur qazanır. Təkcə bizdən başqa. Biz Maltanın qarşısında aciz qalanda qonşu gürcülər Bosniya və Hersoqovinayla qarşılaşırdı. Bəli, gürcülər səfərdən qələbəylə döndülər. Qapısında İbrahim Şehiç dayanan, ön xəttində Edin Dzeko oynayan rəqibi 1:0 hesabıyla məğlub etmək sıradan bir nəticə deyil. Ondan da bir gün əvvəl ermənilər Çernoqoriyanı eyni hesabla məğlub etmişdilər. Sağımız qələbəyə sevinir, solumuz qələbəyə sevinir. Biz nə işlə məşğuluq?

Biz hələ də Elxan Məmmədovun, Canni De Byazinin nağıllarına qulaq asmaqda, özümüzü şirin yuxuya verməkdəyik. Məsələ heç də hesabda deyil. Futboldu, qol vurarsan, vurmazsan. Məsələ ondadı ki, millimiz Malta ilə oyunda autsayder görüntüsündəyidi, nə normal hücum qura bilirdik, nə də səliqəylə müdafiə olunurduq. Yeknəsək oyun, məntiqsiz əvəzetmələr Canni De Byazinin sənət əsəri idi. İş o yerə gəlib çatdı ki, italyan mütəxəssisin əvəzetmələrindən heç oyunu şərh edən Rüstəm Əfsərli də baş açmadı, kələfin ucunu itirdi. Çünki De Byazinin əvəzetmələri nə oyunu gücləndirməyə hesablanmışdı, nə də taktiki dəyişikliklərə. Bu rəzalətə görə isə heç kim məsuliyyət daşımır, heç kim hesabat vermir. Heç çıxıb azarkeşlərdən üzr diləyən də yoxdu. İş birbalaca çətinə düşən kimi, Elxan Məmmədov təyyarəyə oturub, FİFA prezidenti Canni İnfantinonun yanına qaçır, onunla şəkil çəkdirir. Demək istəyir ki, mən arxamı bu adamlara söykəmişəm, mənə toxunmayın.

Tunelin sonunda nə bir işıq var, nə də ümid yeri. FİFA-nın reytinq cədvəlində diblərə doğru batmaqdayıq, Azərbaycan futbolu 30 il bundan əvvəlkindən də pis vəziyyətdədi. Ümidimiz Eddi İsrafilova, Dmitri Nazarova, Aleksey İsayevədi. Onların da nə vecinə?! Elə bir bataqlığa düşmüşük ki, AFFA bundan sonra futbolun inkişafı üçün 100 fond da yaratsa, xeyri olmayacaq. Elxan Məmmədov cavab versin, görək, Maltada futbolun inkişafı üçün fond yaradıb, rola girirlərmi? Ya biz bilmirik, Maltanın Futbol Federasiyasının büdcəsi AFFA-nın milyonlarından çoxdu? 

Ümid edək ki, Maltanın atdığı topun əks-sədası tezliklə lazımı yerlərə çatacaq, hesabat günü yetişəcək.