Ölkə 14:20 25.10.2023

Dönərdən niyə zəhərlənirik? - Professordan həyəcan siqnalı

"Qida zəhərlənmələri çox ciddi məsələdir, onun acı nəticələri ola bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla şagirdlərin dönərdən zəhərlənməsindən danışarkən deyib. 

Professor qeyd edib ki, qidanın keyfiyyət parametrləri, istehsal olunan və hazırlanan qidalar üzərində nəzarətin gücləndirilməsi çox mühim məsələdir:

"Hər bir iaşə müəssisəsi qidaların hazırlanması zamanı lazım olan şərtləri, onun təzəliyini, hazırlanandan sonra saxlama müddətinə ciddi riayət etməlidirlər. Təəssüflər olsun ki, şadlıq evləri, iaşə obyektlərində könə qidaların təkrar istifadəsi, müxtəlif yollarla emalı həyata keçirilir. Bəzən spirtli içkilərində hazırlanması elə həmin obyektlərdə həyata keçirilir. Dəfələrlə bununla bağlı reydlər olub, faktlar aşkarlanıb və bu proses davam edir".



Adil Qeybulla bildirib ki, uşaqların dönərxanalarda qida toksikoinfeksiyalarına məruz qalması yolverilməz haldır:

"Uşaqlar bizim gələcəyimizdir və onlara satlan hər bir ərzaq, xüsusi ilə də bu cür məhsullar ciddi şəkildə nəzərdən keçirilməlidir. Hesab edirəm ki, bunun səbəbi aydınlaşdırılmalıdır. Əgər bu, həmin qida ilə bağlı səbəbdirsə, lazımı ölçü götürülməlidir. Məsələ təsdiqini taparsa, digər iaşə obyeklərində də yoxlamalar həyata keçirilməlidir".

Qeyd edək ki, Bakıda oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Bundan sonra Binə qəsəbəsində uşaqların zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb. 

Bahar Rüstəmli