Ekonomiks 12:00 30.09.2022

Dövlət bütün öhdəlikləri öz üzərinə götürəndə... - İqtisadçı ekspert

(Yazı "Azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb) 

Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin güclü olması üçün azad sahibkarlıq və liberal iqtisadiyyat təmin olunmalıdır. 

Ölkənin normal inkişafı adətən bundan keçir. Liberal iqtisadiyyatın olmadığı cəmiyyətlərdə iqtisadiyyat möhkəm tellərlə bağlı olmur. Belə cəmiyyətlərdə iqtisadiyyatın daimi inkişafı da mümkün deyil. Digər tərəfdən, azad sahibkarlıq və liberal iqtisadiyyatın oturuşmadığı dövlətlərdə əhali adətən yoxsul yaşayır. 

Azərbaycan son illər azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması və inkişafında bir sıra mühüm addımlar atıb. 

Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli azad sahibkarlıq və liberal iqtisadiyyatın qapalı iqtisadiyyatla müqayisədə üstünlüklərinin nədən ibarət olduğuna aydınlıq gətirib. Onun qeyd etdiyinə görə, liberal iqtisadi model vətəndaşlara daha böyük üstünlüklər yaradır:

"Azad sahibkarlıq və liberal iqtisadiyyat rəqabətli mühitlə bağlıdır. Çünki rəqabət iqtisadiyyatda əsas amillərdən biridir. Rəqabətli mühit həm qiymətlərin tənzimlənməsi, həm də keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərir. Bu isə liberal iqtisadi modeldə daha çox önə çıxır. İstər-istəməz rəqabətli mühit vətəndaşı maraqlandıran hər iki istiqamətdə müsbət nəticələrə gətirib çıxarır. Eyni məhsul və mal təqdim edənlər tək qiymətdə deyil, həm də keyfiyyət məsələsində ciddi rəqabət aparır. Liberal iqtisadi modelin başlıca üstünlüklərindən biri də odur ki, bu fonda dövlətin yükü də azalır. Dövlət büdcəsindən iqtisadi fəaliyyətlə bağlı sahələrə xərclər azaldıqca, iqtisadiyyatda özəl sektorun rolu artdıqca, dövlətin digər sosial məsuliyyətləri, təhlükəsizliklə bağlı daha rahat davranmağa, həmin istiqamətlərə daha çox vəsait xərcləməyə imkan yaranır. Çünki liberal iqtisadiyyatdan fərqli olaraq dövlətin iqtisadiyyatda ağırlıq yükü çox olan modellər dövlət büdcəsindən əlavə vəsaitlərin xərclənməsinə gətirib çıxarır ki, bu da əksər hallarda effektiv nəticə vermir. Belə bir sistem dövlətin sosial istiqamətdə olan xərclərinin yetərli olmamasına, azalmasına gətirib çıxarır. Bu da vətəndaşlar üçün qəbuledilməzdir”.  



Həmsöhbətimiz bildirir ki, kiçik və orta sahibkarlıq dövlətin və ölkənin sabit inkişafını təmin edən əsas amildir:

"Çünki kiçik və orta sahibkarlar həmişə daha sabit və daha stabil inkişafın, təkamülün tərəfdarı olur. Onlar əldə etdikləri gəlirləri artırmaq barədə düşünür. Bunun üçün siyasi mühitin sabit olmasında da maraqlıdırlar. Bir sözlə, kiçik və orta sahibkarlığın inkişafı dövlət institutlarını da gücləndirən amildir. Çünki dövlət institutları məhz daha çox kiçik və orta sahibkarlığa söykənəndə inkişaf və tərəqqinin əsası yaranır. Dövlətin əsas vəzifəsi vətəndaşını yaxşı dolandırmaq, iş yerlərilə təmin etmək, sosial müdafiəsini təşkil etməkdən ibarətdir.
 
Liberal iqtisadi modeldə özəl sektorun, kiçik və orta sahibkarlığın önə çıxdığının şahidi oluruq. Bu modelə malik ölkələrin iqtisadiyyatında kiçik və orta sahibkarlıq 60-80 faizə qədər paya malik olur. Kiçik və orta sahibkarlıq dövlətin və ölkənin sabit inkişafını təmin edən əsas amildir. 
Dövlət bütün öhdəlikləri öz üzərinə götürəndə sovet modelində olduğu kimi onu yerinə yetirmək qabiliyyətində olmur. Belədə böhran yaşanır, sistem çökür. Amma vətəndaş öz-özünü təmin edəndə dövlətin sosial yükü azalır. Bu anlamda liberal iqtisadiyyat daha çox gəlirə hesablandığından vətəndaşlarda da daha yaxşı yaşamaq üçün daha yaxşı çalışmağa stimul yaradır. Sosial məsuliyyəti dövlət öz üzərinə götürəndə isə çalışmağın önəmi azalır. Bərabərlik heç də həmişə inkişafa səbəb olan amilə çevrilmir. Liberal iqtisadi modeldə əksər hallarda vergilər aşağı olur. Bu isə iş adamlarını daha çox qazanmaqla daha çox yatırım etməyə təşviq edir”.

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.