Orxan Saffari
Sənət 11:57 22.02.2022

"Ədəbiyyatın q(Q)isməti"

Orxan Saffari

Ədəbiyyatın qismətinə düşən Qismətlərin, deyəsən, hamısı istedadlı, koloritlidir. Birini çox adam tanıyır, Rüstəmovu deyirəm, birini də bizə ədəbiyyat, şeir tanıdır, Məsim. 

Olduqca maraqlı şair Qismətin şeirləri oxuduğum andan dodağaltı mızıltıma çevrilib. Şair üçün bundan böyük nə var?! Aydın məsələdir ki, uğurlu şeir şairdən daha çox oxuyanındır. Məsələn, Qismətdən oxuduğum bu son şeir mənimdir;

3D şeir...

Ömrü yığıb bir küncə, hara qaçır adamlar,
Nədir bu ayaqların yalınlığı ilahi.
Çox da uzaq deyilmiş yerlə göyün arası
Adi kəfən qədərmiş qalınlığı ilahi.

Göz yaşı imza atır son vidanın altına
Hansı tutdu, gedənin ya qalanın naxışı?
Ədəbiyyat müəllimi sənə də sualım var
Felin hansı növüdü baş daşının baxışı?

Mən sizə əl salladım əlvida dəli yollar
Bu əl boyda bəxtimin, mən boyda fəryadı var
Çox şey əldən bulaşır, çox şey əldən yoluxur
Kəndir hörən barmağın boğmaq istedadı var...

...Kəndir hörən barmağı şairin özü deyir, şeir yazan barmağın da bu cür gözəl bir istedadı var. 

Qisməti şəxsən tanıdığıma görə bir az da bunu deyə bilərəm ki, onun talehi də Azərbaycanda yaşanan şair talehidir. Pis də çıxmasın, təki bəxti gözəl olsun. Amma şairdə puldu, bir də bəxtdi nə gəzir?!
 


İstedadsız adam olmağa nə var bu ölkədə? Hər şeyin olacaq. Dərd istedadlı olmaqdır ki, bədbəxt olub qalırsan ortada, istədiyin heç nə də olmur. Nə evdə hörmətin olur, nə dost-tanış içində. Hamı sənə dəli kimi baxır. Deyirlər, xəstə uşaqdı, fikir verməyin. Şair oldunsa, üstəlik, istedadlı şair oldunsa, heç olmur. Heç Allahın yaza bildiyin şeir də olmur. Qismət özü deyir ki;

- İstədim qadınsız bir şeir yazım,
Qızım çay dağıtdı varağın üstə. 

Tanrı şairin özündən aldığı istədiklərinin olmamısını, qızının, oğlunun payına yazsın təki. 

Oxucu kimi mənim üçün də, şairin özü üçün də ən böyük dərd, layiqli dəyəri görməmək, vaxtında bilinib sevilməməkdir. Düşünürəm, Qismət də belə şairdir. Onsuz da, ta bineyi qədimdən şairinkinin gətirməməyinə, öləndən sonra sevilməyinə şahid olmuşuq. Qismətə bu yerdə sevilməmək, yəni, uzun ömür arzu edirəm. 

Tam səmimi, Qismət tanıdığım şairlər içində yaxşı şeirlərini misal çəkməyə çətinlik çəkdiyim şairlərdəndir. İndiyədək Qismətdən oxuduğum ən zəif şeir növbəti bir şeirini oxuyanadək olan şeirdir. Hər cümləsində, misrasında təəccübləndiyim bu şairin adi sözləri belə şeirdir;

"Soyuducu özündə soyutmağa bir şey tapmayanda, başlayır evdəki münasibətləri soyutmağa"

Yaxud;

"Burda qadın baxmayan
aynalar var...
Burda yaşanmayan həsrət var...
Tüpürüm belə təmizliyə...
Burda dəhşət var...!"

"Deyirsən şeirdən nə tapmısan sən,
Mən şeir yazmasam sən adi qızsan.."

Yaxşı ki, Qismət şeir yazır. Qızı adilikdən çıxardır, oxucunun da zövqünü oxşayır. 

Qismətin Tanrıya xitab şeirləri də bir başqa aləmdi. Bir-iki bəndlə Allaha nə lazımdısa deyir: 

- Nəyindən bezmisən asa bilərəm,
Bir edam ağacı göyərdib dərdim.
Ancaq sən ümid ver qalxım ayağa,
Tabut taxtasından ömür düzəldim..

Kimiyə yuxudu, kimiyə nemət
Arzuya açılmır bazar dünyada..
Gedirsən ya məni, ya dünyanı al
Allah da mələksiz azar dünyada..

Yaxud da belə;

- Tanrı, dua göndərdim,
Vaxtın olanda bir bax..
Bax o mənim duamdı
Qısa boylu, utancaq.

Tanrı şeirlərini qəbul etsin. 

Qismət şeirin əsl mənasında yerlə-göy arasında var-gəl edən adamdı. Nə göyə gedə bilir, nə yerdə qala bilir. 

-Getmək rahat deyil,
Bütün vücudum əsir,
büdrəyirəm, yıxılıram..
İçimdə ucalan " bəlkə"nin
divarına çırpılıram,
Üstümə ağac yıxılmış kimi,
Diz çökürəm.
Sıxılıram.

Getmək rahat deyil, zalım
Başıma indicə günəş düşəcək
Ay düşəcək..
Ayağıma baş daşı ilişəcək.

Göylərə baxıram, sanki buludların düzülüşü
"Qayıt" sözüdü.
Yerlərə baxıram, yer bütün qızımızın
 ayaq izidi.

Getmək rahat deyil, vallah deyil...

Dediyim kimi, burda Qismətdən onlarla nümunə gətirə bilərəm. Amma həm ehtiyac görmürəm, yəqin ki, bu kiçik nümunələr bəs etdi. Həm də özünüz axtarıb tapıb oxuyasınız deyə yazını burada sonlandırıram.