Siyasət 15:23 16.02.2024

Ədliyyə naziri vəzifsini icra edəcək Azər Cəfərov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb. Ədliyyə naziri Fikrət Məmmədov yeni tərkibdə yer almayıb. 

Dövlət başçısının digər Sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Qaynarinfo-nun məlumatına görə, Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub. 2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. 

O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub.

Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.

1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.

Aydın