İdman 09:26 18.04.2023

Şəhriyar Əliyev: “İstefa qışqırmaları mənə də təsir etdi”

"Turan Tovuz” son oyunlarda istənilən nəticəni göstərə bilmir. Daha doğrusu, azarkeşlər nəticələrdən çox narazıdır. Bəs futbolçular nə düşünür?

Komandanın kapitanı Şəhriyar Əliyev Qaynarinfo-ya açıqlamasında son turda baş tutan "Kəpəz”lə matçda məğlubiyyətdən, komandada olan ab-havadan danışıb, "Neftçi” ilə kubok görüşünə hazırlıq haqda düşüncələrini bölüşüb:

"Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibin əks-hücumlarda təhlükə yarada biləcək sürətli futbolçuları var. Düşündüyümüz kimi də oldu, qol vurdular. Biz isə şansımızı dəyərləndirə bilmədik. Məğlub olmamağa çalışırdıq. Mövsüm ərzində "Kəpəz”ə heç bir oyunda məğlub olmamışdıq. Sürətli oyunçuları var, qol da vurdular. Hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı”.

"Son vaxtlar komanda niyə toparlana bilmir” sualına Əliyev belə cavab verib:

"Deməzdim ciddi problem var. Düzdür, qələbə qazana bilmirik, amma uduzmamağa da çalışırıq. Bəzi qələbə qazana biləcəyimiz oyunlar var ki, uduzuruq. Öz üzərimizdə çalışırıq. Heç psixoloji problem də yoxdur. Evdə qələbə qazana bilməməyimizə gəlincə, məsələn, "Şamaxı” ilə oyunda rəqib qapanmışdı. Rəqiblər müdafiə futbolu oynayanda çətinik çəkirik. Nəinki biz, "Qarabağ” da "Şamaxı” ilə qarşılaşanda qol vurmaq üçün əziyyət çəkir. Bəlkə də bu amil var”.

Şəhriyar "Şamaxı” ilə matçda səsləndirilən istefa şüarlarına, azarkeşlərin təzyiq göstərməsinə münasibət də bildirib: 
"Futbolçu elədir ki, bunlara fikir versək, psixoloji təsir edər. Yeni yığılan komandadır. Əlbəttə, "istefa” qışqırmaları mənə də təsir etdi. Çempionatda 6-cı yerdəyik, kubokda oyunumuz var. Fikrimcə, "istefa” səsləndirmələri düzgün deyildi. Reallıq budur ki, komanda bir ayın içində yığılıb. Azarkeşdirlər, tələbləri başqadır. Bəlkə də daha çox şey istəyirlər. Çempionatın sonu və komanda axırıncı pillədə olsa, başa düşmək mümkün idi. Qarşıda yarımfinal oyunu var. Bəlkə də heyətdəki gənc futbolçulara daha çox təsir etdi. Aramızda danışırıq, bunu beynimizdən atıb növbəti oyuna hazırlaşmaq lazımdır”.

Müdafiəçi "Neftçi” ilə kubok matçına hazırlıqlardan da danışıb:

"Kəpəz”lə oyundan sonra məşqlərə başladıq. Hazırda bərpa məşqləri keçirik. Çünki vaxt az idi. Çempionatda ən yaxşı formada olan komandalardandır. Səhv etmirəmsə, sonuncu matça qədər 10 tur idi ki, uduzmurdular. Ola bilər heyətdə rotasiyalar etmişdilər və kuboka hazırlaşırlar. Əlimizi-qolumuzu aşağı salmayacağıq. İndiyə qədər "Neftçi” ilə bir neçə dəfə oynamışıq, analiz etmişik. Düşünürəm ki, Tovuza nəticə qazanmaq üçün gələcəklər. İnanıram ki, sərfəli nəticə əldə edəcəyik. İndividual şəkildə güclü futbolçulara malikdirlər. Düzgün oynamaq, mübarizə aparmaq lazımdır. Məşqçimiz də göstərişlərini verəcək. Elə rəqibdir ki, meydanın bütün zonaları uğrunda mübarizə aparmalısan”.

Səbuhi Həsənov