Ölkə 11:12 20.09.2022

“Elçibəy tez-tez depressiyaya düşürdü, atam onu qara fikirlərdən uzaqlaşdırırdı”

Qaynarinfo yazıçı-jurnalist, redaktor Günel Natiqlə müsahibəni təqdim edir. 

- Günel xanım, necəsiz? Bu günlərdə Şuşaya səfər etmişdiniz. Təəssüratlarınız necə oldu, Şuşanı görməyi çox arzulayan biri kimi hansı hissləri keçirdiniz?

- Sanki Şuşadan başqa adam kimi qayıtmışam. Sanki axtardığımı tapmış kimiyəm. Şuşa doğrudan da dərdlərimizə məlhəm oldu. Şuşa işğal ediləndə 14-15 yaşındaydım. Anamgilin təsadüfən bu haqda söhbətini eşitdim. Məyus idilər. "Şuşa barədə danışırsız”, - soruşdum. "Hansı Şuşa?” Anam əsəbi halda dedi. "Yoxdur Şuşa. Aldılar Şuşanı, kor qoydular Şuşanı”. Həmin söz ömürlük travmaya çevrildi. Necə yəni Şuşa yoxdur? Şuşa olmaya bilərmi? O biri otağa keçib ağladım. Şuşa mənəviyyat qalasıydı. Keçmişimizin qızıl dövrünün keçdiyi tarix idi. Şuşanı itirmək tariximizin çox önəmli bir parçasını itirmək idi. Şuşaya Xurşudbanu Natəvanın 190 illiyinə həsr edilmiş tədbir çərçivəsində səfər etdik. Ürəyimizin qərib şəhərinə getmək, oraya qədəm qoymaq qələbəmizin daha bir təsdiqi idi mənim üçün. İllərdən bəri özümə verdiyim suallara cavab tapmışdım. Qürurluydum. Şuşanın küçələrini gəzərkən əsl vətənimə gəldiyimlə bağlı bir hiss vardı içimdə. Elə bil mənim bütün həyatım burda keçib. Axı əslində beləydi. Bu illər ərzində ruhən o torpaqlarda olmuşduq. Ona görə Şuşa məni bütün doğmalığıyla qarşıladı. Küçələrdə gəzərkən heç vaxt hiss etmədiyim bir hüzur hiss edirdim. Tarixi tikililərimizin yarı dağılmış vəziyyətdə olması da hüzurumu, ruhi dincliyimi pozmadı. Çünki artıq Şuşaya qovuşmuşuq və bu şəhəri yenidən öz əllərimizlə quracağıq. Bir də Şuşa yeni öz missiyasını yerinə yetirir. Tarixə şahidlik edir.  Düşmənin saxtalaşdırmaq istədiyi tarixə şahidlik edir. Xurşudbanu Natəvanın evinin qarşısında "Məclisi-üns” quruldu. Kitablardan oxuduğumuz, əcdad ruhlarının xiffətini etdiyi söz məclisi qurulmuşdu Şuşada. Orda deyilən sözlərin təsiri bir başqaydı. Daha çox ruhumuza xitab edirdi. Müstəqillik illərindən sonra çox ağrı-acılar yaşadıq, maddi-mənəvi problemlərimiz çox oldu. Və yəqin siz də müşahidə etmisiz, üzlərdə olan o saflıq, o işıq çəkilib getmişdi sanki. Şuşanı qaytaranda həmin o işıq çöhrələrimizə qayıtdı. Yadırğadığımız sevincin təntənəsini bir də Şuşada yaşadım. 

- Şuşaya gedə bilməyənlər narazılıq edirlər ki, bəs bizi niyə aparmamısınız? Necə düşünürsünüz, insanlar narazılıq etməkdə haqlıdırlarmı?

- Hər bir Azərbaycan vətəndaşı Şuşanı ziyarət etməyi öz mənəvi borcu sayır. Əslində bu, çox gözəldir. Xarici ölkələrə olan səfər edənlərin ardınca heç gözümüzün ucuyla da baxmırıq, amma Şuşaya heyət yola düşəndə emosiyalarımızı cilovlaya bilmirik. Təkcə AYB-nin təxminən 2000 üzvü var, təbii ki, hamı eyni vaxtda gedə bilməz, mütləq kimsə dəstədən qıraqda qalacaq. Amma əminəm ki, gec-tez hamı gedəcək. 

- Günel xanım, atanız Natiq Səfərov Azərbaycanın ən parlaq şəxsiyyətlərindən, ən yaxşı tərcüməçilərindən olub. Maraqlıdır, siz övladı olaraq necə xatırlayırsınız atanızı?

-  Mən atama zahirən oxşamasam da, təbiətcə çox oxşayıram. Atamın təmənnasızlığı, yaxşılıqsevərliyi, əsəbiliyi, özündən tez çıxmağı, mərhəməti, dürüstlüyü, olduğu kimi görünməyi, vicdanlılığı və sairə mənə də keçib. Yəni mən həm özümün, həm də atamın taleyini yaşayıram. Atam sanki tamam getməyib, mənim şəxsimdə yaşayır. Ona görə həyatda mənə həmişə çətin oub. Çünki bizim mühitdə keçərli olan şərtləri mən bimirəm, yəni bu vaxta kimi bimirdim, indən sonra isə mənimsəmək çox gecdir. Məsələn, mən həmişə elə bilmişəm ki, yaxşılıq təmənnasız olmalıdır. İnsan düzgün və vicdanlı olmalıdır. Ədalətsizlik çox pis şeydir. Yalan danışan adam cinayət edir. Kiminsə haqqına girmək cinayətdir. Alver etmək aşağı səviyyənin göstəricisidir və sairə. Bizim mühitdə bu qaydalarla yaşamaq özünü ölümə məhkum etmək kimidir. Və kənardan da yaxşı qarşılanmır. İnsana normal baxmırlar. Haqqını tələb edəndə demaqoq olursan. Məni bu həyata hazırlamadığı üçün içimdə atamı bəzən qınayıram. Əslində, o özü də başqa cür yaşamağın mümkün olduğunu bimirdi. 60 yaşında da uşaq kimi təbiiliyini qorumuşdu. Atam dərya idi, onun bütün suallara cavabları vardı, indi onu Google əvəz edir. Kaş ki atamın biliklərindən sağlığında daha çox istifadə edilərdi. Bizim cəmiyyətin problemlərinin kökü də bundadır. Gərəkli insanları qoruya bilmir. 
 


- Müsahibələrinizin birində rast gəlmişdim, deyəsən, Natiq müəllim bir yerdə qərar tuta bilməyən adam olub, işlədiyi yerlərdə problemlərlə üzləşib. Natiq müəllim səbirsiz, darıxan adam idi, yoxsa tərif deyə bilmədiyinə görə yola vermirdilər?

- Ölüm qorxusu da onu öz mövqeyindən çəkilməyə, ya boyun əyməyə məcbur edə bilməzdi. Təsəvvür edin ki, bu adama vəzifə təklif edirdilər, bir şərtlə ki, Kommunist Partiyasına üzv olsun, o isə heç vəchlə partiyaya daxil olmayacağını bildirirdi. Amma bu özünəməxsus və təkrarsız adamın dəyərini bilənlər həmişə qoruyub onu. Gənclik illəri, bilirsiz ki, Azərbayan Dövlət Radiosunda keçmişdi. Onun "Natəvan qızlar klubu” proqramı dövrünün ən məşhur bir-iki proqramından idi. Azərbaycan qadınının həyatında çevriliş etmiş bir proqramdı. Bu verilişə görə "Qızıl qələm” mükafatı almışdı. (İndi bu mükafatı elə urvatdan salıblar ki, insan dilinə gətirməyə utanır). 

İlk küskünlüklərindən biri radioda yaşanmışdı. 70-ci illərdə peşəkarlığını nəzərə alıb Moskvaya kursa göndəriblər. Amma atam təzə dünyaya gəlmiş bacım üçün elə darıxır ki, hər şeyi atıb Bakıya qayıdır. O vaxtkı sədr Cəmil Əlibəyov atamı çağırıb çox sərt danışır, kursu niyə yarımçıq qoyduğunu soruşur. Həmin kursda çoxlarının oxumaq arzusunda olduğunu bildirir və sairə. Atam acıq edib ərizəsini yazır. Cəmil Əlibəyov dediyinə peşman olub çox çətinliklə onu ərizəsini geri götürməyə razı salır. 

Sonrakı iş yerlərində də ağır xasiyyətinə baxmayaraq, "Azərbaycanın ən balacaboy hündür adamına” məxsusi davranıblar. Atam, özünüz də qeyd etdiyiniz kimi, darıxan adam idi. Saat 9-dan 6-ya kimi iş yerində qərar tutmaq onun üçün dözülməz idi. 

- Atanızın bildiyimə görə, çoxlu dostları olub. Onlardan biri də Elçibəy idi. Mənə maraqlıdır, Elçibəy prezident olanda Natiq müəllimə hansısa iş, vəzifə təklif etmişdimi?

- Əbülfəz Elçibəy atamın ən yaxın dostarından biriydi. Mən lap balaca olanda Kələkidə olmuşduq. Elçibəy atamı Kələkiyə ailəcə dəvət etmişdi. Mən, demək olar ki, o vaxtı xatırlamıram, amma Kələkili günlər anamın ən gözəl xatirələrindəndir. Mən ancaq Kələkidə iki gənc qızı xatırlayıram - Əbülfəz bəyin yaxın qohumlarından idilər. Maraqlıdır ki, bir gün məndən küsüb bacımı çay kənarına gəzməyə aparırdılar, ertəsi gün isə bacımdan küsüb məni aparırdılar. Bir az böyüyəndən sonra başa düşdüm ki, yəqin ki, bu küsmək məsələsi bəhanəymiş, sadəcə ikimizi bir yerdə aparmaq çətin olub. Kənddən axan çayın Kələkinin insanları kimi dumduru suyu hərdən xəyallarımdan axıb keçir. Elçibəyi sevgi dolu bir adam kimi xatırlayıram. Mən balaca olanda "r” hərfini deyə bilmirdim, hətta üçüncü sinifə kimi belə danışırdım. Elçibəy atama zəng edəndə əvvəl mənimlə bir xeyli telefonda danışır, sevgiylə dindirirdi. Bəzən atama deyirdi ki, a bəy, dəstəyi ver o uşaqla danışım, elə gözəl səsi var ki. Kələki səfərindən sonra, 80-ci illərdə biz onun Bakıdakı evində qonaq olmuşduq. Sadə mənzil olduğunu xatırlayıram. Anası (ona "Qəri” deyirdilər) mehriban qadın idi və tez- tez təkid edirdi ki, stolun üstündəki nemətlərdən yeyək.

Həmin vaxtlarda gələcək prezident tez-tez depressiyaya düşürdü və belə vaxtlarda atamla ünsiyyətdə olmaq onu qaramsal fikirlərdən uzaqlaşdırırdı. Atam insan psixologiyasını yaxşı bilirdi, istənilən sahəylə bağlı müfəssəl bilgiləri vardı və bütün bunlarla bərabər, son dərəcə sadə, anlayışlı, sevəcən və dost olmağı bacaran adam idi. 

Ən çox da onları milli məfkurənin gerçəkləşəcəyinə olan inam, turançılığa sevgi birləşdirirdi. (Atam üzdə çox büruzə verməsə də, daxilən alovlu millətçi idi. O vaxtlar ziyalılar uşaqlarını əsasən rus dilində oxutdururdular. Atam "mənim uşağım rus dilində oxusa, mənim ürəyim partlayar” deyə ətrafdakı təzyiqlərə baxmayaraq, bacımla məni Azərbaycan məktəbinə yazdırmışdı). Sonra Elçibəy AXC yoluyla getdi və öz silahdaşları meydana gəldi. Atam isə tərcümə işiylə məşğul olurdu və milli məfkurə onu üçün praktiki deyil, bir növ nəzəri bir iş idi. Ona görə ayrı düşdülər.

Elçibəy prezident olandan sonra anam atama bir dəfə dedi ki, bəlkə, qəbuluna gedək, mənzil şəraitimizin yaxşılaşmasına və iş məsələsinə kömək etsin. Amma atam ondan heç nə istəməyəcəyini bildirdi. 

Bir dəfə isə Elçibəy atama öz avtoqraflı kitabını göndərdi. (Səhv etmirəmsə, evdə olmalıdır) Atam dinməzcə kitabı şkafına qoydu və bununla da bu məsələ bağlandı. 

Ola bisin ki, həmin vaxtar o, atamın işsiz olduğunu və vəziyyətimizin pis olduğunu bilmirdi. Əgər atam ona müraciət etsəydi, təbii ki, Elçibəy dostunu darda qoymazdı. Amma heç bir iş üçün kimsənin qapısını döyməyən atam prezident dostuna da ağız açmayacaq qədər qürurluydu. 

- Siz də yazı-pozu adamısınız. Amma deyəsən atanız kimi tərcümə ilə məşğul deyilsiniz. Bu istiqamət sizə cəlbedici gəlmir ya necə?

- Mən həmişə atama oxşamağa çalışırdım, onu təqlid edirdim, heç ola bilərmi ki tərcüməçilik mənə cəlbedici gəlməsin? Əsla. Mən onunla üzbəüz oturur və onun kimi yazmağa çalışırdım, amma heyhat. Bir dəfə atam uşaq ədəbiyyatından tərcümə edirdi və mənə kiçik bir hissəni verdi ki, sən də bunu tərcümə etməyi sınaqdan keçir. Mən bütün gücümü işə salıb tərcüməni etdim, ona verdim. O da gülümsəyib tərcümənin üzərində işlədi və materialına əlavə etdi. Mən onun düzəltdiyi mətni oxuyanda bütün varlığımdan utandım. Mən heç vaxt belə yaza biməzdim! Bu utanc məni həmişə izləyib. Nəsə yazanda düşünürəm ki, atam belə yazmazdı və xəcalət çəkirəm. Çox məşhur yazıçılar əsərlərini ona redaktə etdirirdilər. 

Amma bacım Sevinc bu məsələdə mənim kimi kompleksli deyil və tərcüməylə məşğul olur. 7-8 sanballı kitab tərcümə edib. Türk dilini özəyinə kimi biir. Bəzən belə düşünürlər ki, hər kəs Türkiyə türkcəsindən tərcümə edə biər. Bu çox böyük yanlışlıqdır. Ən çətin tərcümə yaxın dillərdən tərcümədir. Türk dilindən tərcüməyə gəldikdə, burda çox incəlikləri nəzərə almaq lazımdır. Bəzən görürsən ki, sözlər eynidir, amma hansısa fikrin ifadə tərzi tamamilə ayrıdır və başqa bir mənanı ifadə edir. Bu mənada bacım dəqiq və səlis tərcüməyə nail olur. Elə bilirəm ki, əgər atam onun tərcümələrini oxusaydı, bir az narazılıq etsə də, (çox tələbkar idi), - 80-90 faiz razı qalardı. 

- Bilirəm ki, daha çox tərcümə kitablarının redaktəsi ilə məşğulsunuz. Hansı problem və çətinliklərlə üzləşirsiniz proses zamanı?

- "Qanun” nəşriyyatıyla işləyirəm. Özüm üçün yeni bir aləm kəşf etmişəm. "Qanun” nəşriyyatında təsadüfi kitablar olmur. Hər bir kitab dünyada öz oxucusunu tapmış dəyərli əsərlərdir. Bu çox gözəldir, həm mütaliə edirsən, həm də buna görə qonorar alırsan. Təbii ki, hər işin çətinlikləri olur. Tərcümə çox ağır sənətdir. Natiq Səfərovun qızı kimi mən deyə bilərəm ki, bu sənət insandan fədakarlıq istəyir. Atam "tərcümə edəndə havada uçuram” deyirdi. Onun məşhur bir ifadəsi var: "Ədəbiyyat mənim üçün uçuşdur”.

Bəzən oxucular tərcümə kitablarında rast gəlinən qüsurlardan şikayət edirlər. Amma nəzərə almırlar ki, Azərbaycan ədəbiyyatında həmişə tərcümə problemi olub. Hətta ədəbiyyat sahəsinə xeyli qayğıyla yanaşan sovet dövründə də. Klassik tərcüməçilərimizin işlədiyi mətnlər də onların xələfləri tərəfindən birmənalı qarşılanmırdı. O vaxtlar dünya ədəbiyyatının yüzcildliyi ilə bağlı məsələlərdə də ziddiyyətli yanaşmalar ortaya çıxmışdı. 

Bəzi köhnə tərcümələr indi də problem yaradır. Keçən dəfə məşhur bir şairin sovet dövründə çap edilmiş tərcüməsini yenidən işləyən redaktor çox çətinliklərlə üzləşdiyini bildirdi. Məlum oldu ki, tərcümə tamamilə yararsızdır. Yəni bu sahədə həmişə boşluqlar olub. Əslində, Azərbaycan oxucusunun bir az dünya ədəbiyyatından məlumatsız olması bununla bağlıdır. Siz əgər oxucuların hansı əsərləri sevdiyini soruşsanız, bu əsərlər məhz Azərbaycan dilinə tərcümə edilmiş əsərlər olacaq. 

İndi bu çətinliklərimizin daha çox olması təbiidir, çünki ağır şərtlərdə yaşayırıq və işləyirik. Amma əlimizdən gələni layiqincə etməyə çalışırıq. Siz Şahbaz Xuduoğlunun yeni kitabları təqdim edərkən üzündəki ifadəni görmüsüz? Elə sevgiylə kitablardan bəhs edir ki, istər istəməz bu kitab sevgisinin yoluxucu olduğunu düşünürsən. Cəmiyyətimizi xilas etməyin yollarından biri də insanlara kitabı sevdirməkdir. 

- "Azərbaycan radiosu”nda işləyirsiniz. Mənə həmişə maraqlıdır, sadiq dinləyicilər hələ də qalıbmı, gənc nəslin Azərbaycan radiosuna doğrudan da marağı varmı?

- "Azərbaycan radiosu” mənim üçün havadır, sudur. Özümü radioda tapmışam, ona görə buranı tərk etmək mənə çətin gəlib. Vaxtilə televiziyalara dəvət alsam da, doğma radiomu tərk etməmişəm. Heç indi də tərk etmərəm. Tərk etsəm, həyatımda nəsə yarımçıq qalar. Başqa harda mən özümü olduğu kimi ifadə edə bilərəm? Mən bir az qapalı adamam, bu mənada radionun mübhəmliyi tam mənim ruhuma uyğundur. Nazim Hikmət demiş, ağac kimi tək və orman kimi qardaşcasına. Radioda adam özünü belə hiss edir. Səslərlə işləmək maraqlıdır. Əslində bizim işimiz məsələnin məğzindən ibarətdir. Televiziyada aparıcının zahiri görkəmi, geyimi, makiyajı və s. diqqətinizi əsas məsələdən yayındırır. 

Radionun həmişə öz dinləyici kütləsi olub. Xüsusilə ziyalılar radionu dinləməyə üstünlük veriblər. Həmişə məni dinləyən və həyatda məni görmək arzusunda olan bir rəssam haqqında bu yaxınlarda status yazmışdım. Çəkiliş qrupu ilə televiziya verilişinə çəkmək üçün onun emalatxanasına gedəndə o, səsimdən məni tanıdı və ancaq radiodan danışdı. Mən onda anladım ki, radionu mənim üçün heç bir məkan əvəz edə bilməz və radioya döndüm. 

Sosial şəbəkədə dinləyicilərimiz məni tapıb ürək sözlərini yazır. Qadir Hümbətov adlı bir gözəl ziyalı, şairin məktubunu unuda bilmirəm. Hərtərəfli dünyagörüşə malik bu adam yazırdı ki, radionun mənim həyata baxışımın formalaşmasında, ədəbiyyatı dərk etməyimdə, milli məfkurəmizi qavramağımda rolu çox böyükdür. Əgər radio olmasaydı, mən bu bilikləri qazana bilməzdim. O, illər öncə hansısa aparıcının xüsusi bir ifadəsinə kimi, deyiliş tərzinə kimi elə incəlikləri xatırlayırdı ki, mən mat qaldım. Radionun dinləyiciləri ümumiyyətlə, çox sadiqdir... 

Gənclərin radioya axın etdiyini deyə bilmərəm, amma maraq göstərənlər var. Elə gənclər var ki, onlar üçün radio televiziyaya keçid etmək üçün bir körpüdür, amma bir müddət keçəndən sonra hətta o gənclər də radioya elə bağlanır ki, burdan çıxıb getməyi düşünmür. 

Radioda yeni layihəm var- "Roman kimi”, elə bilirəm radio-televiziya məkanında ən orijinal layihələrdəndir. Dinləyicilərimizdən artıq xoş sözlər almağa başlamışıq; dinləyicilərimiz məmnundursa, biz də məmnunuq. 

- Özünüz kimləri oxuyursunuz, sevirsiniz, təbliğ etmək istərdiniz?

- Mənim mütaliə etmədiyim bir günüm yoxdur, istirahət edəndə də öz-özümə şeir deyirəm. Brodskidən, Nazim Hikmətdən, Ramiz Rövşəndən. Neyləyim, taleyim belə gətirib. "Ədəbi talelər” kitabının ön sözündə yazmışdım ki, ədəbiyyat mühitində böyüdüyümdən həmişə ətrafımda Füzuli, Nazim Hikmət, Dostoyevski olub. Kitabı böyük yazıçımız Seyran Səxavətə bağışlamışdım. Kitabı oxuyub elə ertəsi gün zəng vurub dedi ki, "düzü, əvvəlcə bu sözlər çox əcaib gəldi mənə, amma oxuduqca rahatlandım, sevindim təmiz Azərbaycan dilində yazılan bu kitaba. Son vaxtlarda mən ədəbi aləmdə gedən proseslərdən çox narahatam, bir az xəstə düşmüşəm, amma bu kitab mənim üçün bir işıqucu kimi göründü”.

Orxan Pamuku sevirəm, bəzi ziddiyyətli fikirlərilə barışa bilməsəm də, yazıçı kimi rəğbət duyuram. Yeri gəlmişkən, bacım Sevinc onun daha bir əsərini bu yaxınlarda dilimizə çevirib və çox uğurlu alınıb. Kitaba redaktorluğu mən etdim. İş prosesində bacımla əsəri öz aramızda müzakirə edirdik. Sevinc onun dilinin ağır, cümlələrin qarışıq olduğundan şikayətlənir. Mən isə bu halları gözardı edərək yazıçının tərəfində durur və onun ədəbiyyat aləmində, konkret olaraq bu əsərində yaratdıqlarından vəcdlə danışıram. Son nəticədə, fərqli fikirlərimizə baxmayaraq, bu nəticəyə gəlirik ki, bu adam həqiqətən də böyük yazıçıdır və onu oxumağa dəyər. Onu da deyim ki, Sevinc ağır mətnin üzərində ustalıqla işləyib, həm əsərin ruhunu, həm də mənanı saxlamaqla cümlələri bir neçə hissəyə bölüb və oxucular üçün rahat oxunan şəklə gətirib. İnanıram ki, oxucular tərcümədən razı qalacaq. 

Ağa Cəfərli