Siyasət 17:03 06.10.2022

Əli Əsədovun Moskva səfərinin məqsədi... - Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Baş nazir Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumunda iştirak edəcək, həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək. 
 
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında Xəzər dənizi üzrə həyata keçirilən ticari potensial və əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı fürsətlər mövcuddur:


 
"Hazırda Xəzər dənizi regionda sülh dənizidir. Xəzərin səthi və dibinin bölüşdürülməsilə bağlı konvensiya imzalandıqdan sonra sahilyanı ölkələr arasında əməkdaşlıq daha da dərinləşib. Nəzərə almalıyıq ki, Xəzərin mövcud statusu hər bir qonşu dövlət üçün önəmlidir. Amma eyni zamanda, Xəzər dənizində əməkdaşlığın daha böyük potensialı var. Həm dəniz vasitəsilə kommunikasiyasının daha da inkişaf etdirilməsi, həm də Azərbaycanın ən böyük ticarət donanmasının potensialından istifadə olunması aktuallaşır. 

Xəzər dənizi üzərindən Rusiyadan cənuba doğru yükdaşımaların həcminin artırılmasının aktual olduğunu da nəzərə almaq lazımdır. Eyni zamanda, Azərbaycan dənizdə mühüm kommunikasiyalar həyata keçirir. Xəzər dənizində yeni tipli Ələt limanı və onun ətrafında formalaşacaq ticarət zonası da sahilyanı ölkələrin diqqət mərkəzindədir. Ona görə düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında Xəzər dənizi üzrə olan ticari potensial və əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı fürsətlər var. Ehtimal etmək olar ki, bu məsələlər müzakirə olunacaq və hər iki ölkənin iqtisadi maraqları kontekstində reallaşdırmalar nəzərdən keçiriləcək”.

Rüfət Sultan