Ölkə 11:05 22.06.2023

Əlil ilə nazirlik arasındakı qalmaqal böyüyür

İllərdir xərcəng xəstəliyinin fəsadlarını yaşayan Rəbiyyə Zərdabi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun səhhəti ilə bağlı verdiyi açıqlamaya etiraz edib.

Rəbiyyə Zərdabi Qaynarinfo-ya açıqlamasında bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı həqiqətə uyğun deyil:
 
"Bu yalana kimi inandırırsınız? Yalancılar. Bu qədər işciyə maaş verirsiniz, ev və  mobil nömrələrimiz var. Əlil kimi qeydiyyatdayıq. Zəng vurub, deyə bilməzlərmi ki, protez verilməsi ildə bir dəfə verilir? Prtoez almağımı gecikdirmisiniz. Gündə bir qərar qəbul edirsiniz... Yuxuda görməliyəm ki, qərar dəyişib? Cavabınız məni qane etmir. Dünyanın o başıdır, ora getmək üçün 4 avtobus dəyişmək lazımdır”. 

Rəbiyyə Zərdabi bir dəfə protez aldığını və onun da vaxtının keçdiyini vurğulayıb: 

"Onlar özləri mənə zəng edib məlumat verməlidirlər. Ölkədə nə qədər əlil qadın var? Bakıda sinə protezi alan 500 xəstə olar, onlara zəng edib məlumat vermək böyük məsələdir? Evdə oturub ovcumu iyləmişəm? Bu işi sona kimi gedəcəm. Orada, qeydiyyat şöbəsində 4-5 qız tum çıtlamaqdansa, zəng edib bizə məlumat verin”. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi illərdir xərcəng xəstəliyinin fəsadlarını yaşayan Rəbiyyə Zərdabinin 2022-ci ildə süd vəzi protezi ilə təmin olunduğunu bildirib. Qurum qeyd edib ki, "Hazırda qanunvericiliyə əsasən süd vəzi protezlərinin istifadə müddəti 1 il olduğu üçün Rəbiyyə Zərdabinin növbəti protezlə təmin olunma hüququ 23.09.2023-cü ildən etibarən yaranacaq. Vətəndaş həmin müddətdən sonra müvafiq qaydada süd vəzi protezi ilə təmin olunacaq”. 

Bahar Rüstəmli