Hüseynbala Səlimov
Ölkə 10:00 23.05.2022

Əlvida, Qadir...

Hüseynbala Səlimov

Əslində burada "əlvida” yazmaq elə də düzgün deyil. Ona görə ki, yeniyetmə yaşlarında deyilik, özümüz sezməsək də, avtobuslarda və metroda gənc oğlan və qızların durub bizə yer verməsindən anlayırıq ki, yaş daha o yaş deyil, yavaş-yavaş qocalırıq. Həm də səhhət daha əvvəlki səhhət deyil, arabir ciddi narahat edir bizi...

Amma sözüm bunda deyil. Ondadır ki, insanlar arasında belə bir deyim var: "ipək kimi adam”. Qadir məhz ipək kimi adam idi. Neçə il dostluq və yoldaşlıq etdik onunla, bircə dəfə də ağlımıza belə gəlmədi ki, Qadir kimisə incidə bilər, kimsə Qadirdən inciyə bilər.

Hə, çox az yaşadı rəhmətlik. Amma bu illər ərzində diri ikən rəhmət qazandı özü üçün, çünki hamıya kömək etməyə çalışırdı, baxmayaraq ki, imkanları bir o qədər də geniş deyildi. Bəli, nahaq yerə deyilməyib ki, kaş, insanın ürəyi geniş olsun. Qadir həqiqətən də ürəyi geniş adam idi.

Nə etdi, nələr etdi bu qısa həyatında? O, Azərbaycanda iqtisadi jurnalistikanın beş-üç öncüllərindən biri idi. Jurnalistikaya elə vaxt gəldi ki, böyük bir məkanda yeni iqtisadiyyat, yeni iqtisadi münasibətlər yaranırdı. Onlar biri-birinə həm bənzəyirdi, həm də bənzəmirdi. Elə bir vəziyyət idi ki, akademik iqtisadiyyat aciz qalmışdı, insanlar çox şeyi mətbuatdan öyrənirdi. Bu dövrdə mətbuat həm də böyük maarifçilik işi aparırdı. Qadir də beş-üç maarifçi jurnalistlərdən biri oldu...

Çox təəssüf ki, o da bir çoxları kimi layiqincə mükafatını almadı. Halbuki müstəqilliyin birinci dövr jurnalistlərindən idi. Bu jurnalistlər həm də yeni jurnalistikanı yaratmaq missiyasını öz üzərlərinə götürdülər. Bəli, məhz o dövrdə jurnalistlər ixtisaslaşmağa başladılar – kimi daxili və xarici siyasətdən, kimi də iqtisadiyyatdan və yaxud da mədəniyyətdən yazmağa başladı. Bu ilk illərdə birgə çalışdığımız "Azadlıq” qəzeti az qala, akademik nəşrə, ciddi jurnala çevrilmişdi və burada Qadirin də xidməti heç də az deyildi...

Jurnalistləri bəzən tarixçilərlə müqayisə edirlər. Burada fərq ondadır ki, tarixçilər yüz il əvvəllərin tarixini yaradırlar, jurnalistlər isə daha çox bir günün tarixini qələmə alırlar. 

Biz o vaxtlar əmin idik ki, həqiqətən də yeni tarix yaradırıq. Bu, həqiqətən də belə idi. Bizlərdən heç kim orden və medallara layiq görülmədi, baxmayaraq ki, bir daha deyirəm ki, sözün əsl mənasında biz zərif, gənc çiyinlərimizə çox böyük yük götürmüşdük. Bu gənclərdən biri də heç şübhəsiz ki, Qadir idi...

Daha nə yazım, nə deyim ki, özümü ovundura bilim? Bir daha deyirəm ki, elə bir zamana gəldik çıxdıq ki, haqq nazildi, üzüldü, baxmayaraq ki, insanlar daim bunun əksini deyirlər: "haqq nazilər, üzülməz”. Amma belə deyilmiş sən demə...

Cəmi əlli üç yaş! Bəli, Qadir çox yaşamadı. Amma ki, nə etmək olar? Allah sənə rəhmət eləsin, qardaşım! Qəbrin daim nurla dolsun! Sən indi HAQQ dünyasındasan. Heç narahat olma, bu dünyada da HAQQ gec-tez öz yerini tapacaq...