İdman 13:46 19.05.2023

Elvin Məmmədov: “İki tur əvvəldən də bilirdik ki, təzyiq altındayıq…”

Premyer Liqada son iki tur xüsusilə də "Şamaxı” üçün böyük önəm daşıyır. Birinci Diviziona düşməmək uğrunda "Səbail”lə mübarizə aparan bölgə təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Təbii ki, bu durum komandanın hazırlıqlarına təsir etməyə bilməz.

"Şamaxı”nın aparıcı futbolçularından olan Elvin Məmmədov Qaynarinfo-ya açıqlamasında hazırlıqlardan və düşündüklərindən danışıb:

"Hazırlıqlarımız yaxşıdır. Bizim üçün hər oyun finala bərabərdir. Bundan əvvəlki və sonrakı oyunlar haqda da eyni fikirdəyik. Əlimizdən gələni etməyə çalışırıq. Hələ iki tur əvvəldən də bilirdik ki, təzyiq altındayıq. Sağ olsun uşaqlar, bu durumdan çıxırlar. Qarşıda iki oyunumuz var. Görək necə olacaq? Əvvəldən ümidliyik ki, komanda Premyer Liqada qalacaq. Bunun üçün zaman lazımdır. Ümid edirik ki, komanda olaraq öhdəsindən gələcəyik. Əlbəttə, Birinci Diviziona düşmək məsələsi birmənalı şəkildə bizi narahat edir”.

Məmmədov sırf azərbaycanlılardan ibarət "Şamaxı”nın sonuncu pillədə olmasını təcrübəsizliklə əlaqələndirir:

"Bunu ancaq təcrübəsizliklə əlaqələndirirəm. Uşaqların 90 faizinin Premyer Liqa təcrübəsi yoxdur. Başqa səbəb görmürəm. Qərar vermək məsələləri, filan, 30-35 oyuna düzələsi deyil. Zaman lazımdır. Legionersiz oynamaq çətindir. Amma gətirdiyin legioner də yaxşı olmalıdır. Ən azı kömək edə bilməlidir. Rəhbərliyin strategiyası belədir, hörmətlə yanaşmalıyıq. Biz azərbaycanlıların bunun öhdəsindən gələcəyinə inanırıq. Bunu futbolçulara da aşılayırıq. Gənclər üçün tramplin olduğunu deyirik. Niyə də olmasın?”.

Kapitan heyətdəki gənc futbolçularla bağlı düşüncələrini də bölüşdü:

"Təcrübəni qazanmaq üçün futbolçu oynamalıdır. Yalnız bu şəkildə inkişaf edə bilərlər. İşçi də işləyə-işləyə inkişaf edir. Birinci Divizionda inkişaf mənasında durum yaxşı deyil. Təsəvvür edin, bu uşaqlar Birinci Diviziona düşsə, inkişaf etməyəcəklər. Onlar çempionatda oynadıqca, səhvlər etdikcə böyüyürlər. Bir neçə futbolçumuz var ki, həm ötürmələri, həm qolları ilə fayda verirlər. Ad çəkmirəm, amma bir çox futbolçularımız mediada işıqlandırıldı”.

Təcrübəli yarımmüdafiəçi "Şamaxı” ilə müqaviləsinin hələ bitmədiyini, əsas düşüncələrinin komandanın elitada qalması olduğunu da dedi:

"Klubla müqaviləmin bitməsinə hələ vaxt var. Bu müddətdə hər şey ola bilər. Əsas odur ki, çempionatda qalaq. Qalanları düzələr”.

Səbuhi Həsənov