Ekonomiks 16:57 22.02.2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Ölkənin dörd bir yanında xalqa xidmət edən "OBA Market” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təltif olunub.

Fevralın 22-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən növbəti mükafatlandırma tədbirində 2023-cü ildə fəal iştirakı ilə seçilən tərəfdaşların təqdimat mərasimi baş tutub.

Belə ki, "OBA Market” MMC məşğulluq orqanında "Bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərin məşğulluğuna dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası ilə təltif olunub.

2023-cü ilin nəticələrinə görə 3126 nəfər "OBA” tərəfindən işlə təmin edilib. Mükafatı şirkətin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim edib.

Eyni zamanda "OBA Market” MMC Məşğulluğa dəstək korporativ sosial məsuliyyət layihəsi çərçivəsində aktiv əməkdaşlığa görə də təşəkkürnamə ilə təltif olunub.
 
Təşəkkürnamə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev tərəfindən təqdim edilib. Bildirək ki, 2022-ci ildə "OBA Market” MMC "Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 1400-ə yaxın marketi, 8000-dən çox əməkdaşı ilə xalqımıza xidmət etməkdən və ən əsası 100-dən çox yerli istehsalçının sürətli və dayanıqlı inkişafına töhfə verməkdən qürur duyur!