İdman 15:46 18.02.2023

Emrelinin “Konyaspor”a transferinə baxış: Geriyə addım, yoxsa?..

Mahir Emreli hələ Polşa "Legiya”sı ilə müqavilə bağlayanda çox sevinmişdik. Yaşını da nəzərə alsaq, açığı onun daha yüksək səviyyəli liqalara gedə biləcəyinə ümidlər bəsləyirdik. Yığmamızın üzvü daha sonra Xorvatiyaya, Zaqreb "Dinamo”suna transfer olundu. Artıq Avropa futboluna uyğunlaşdığını, potensialını ortaya qoyub hədəfini bir qədər də böyütməsini gözləyirdik ki, Mahirin "Konyaspor”a transferi bu ümidlərimizi demək olar, "basdırdı”. "Dinamo”da özünü göstərə bilməyən futbolçumuzun Türkiyə Superliqasına gəlişi Azərbaycan futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Bu addımla onun gerilədiyini düşünənlər də çoxdur, irəliləyişə nail olacağını deyənlər də. 

Mütəxəssislər Qaynarinfo-ya açıqlamasında hələ "Legiya”da forma geyinərkən, 2025-ci ildə özünü "Barselona”, PSJ, "Bavariya”, "Mançester Siti” və ya "Qalatasaray”da gördüyünü deyən Mahirin "Konyaspor”a transferi ilə bağlı düşüncələrini bölüşdü:

Yunis Hüseynov
 


- Mahir Azərbaycanda potensialı olan futbolçu idi. O, "Legiya”ya gedəndə hamımız sevindik ki, legioner həyatı yaşayacaq. Belə futbolçuların sayı nə qədər çox olsa, o ölkəyə maraq da artar. Necə ki, Xviça Kvaratsxeliyaya görə Gürcüstandan olan futbolçulara maraq həddindən artıq çoxalıb. Görürlər ki, bu ölkədən yaxşı futbolçular çıxır. Biz də sevinmişdik. "Legiya” Mahir üçün tramplin idi. Daha səviyyəli klublara gedə bilərdi. Əfsuslar olsun, özünü nə Polşada, nə də "Dinamo”da yaxşı tərəfdən göstərə bildi. Mənə elə gəlir, Türkiyəyə getmək, geriyə addım atmaq deməkdir. Yavaş-yavaş geri qayıdır. Düşünürəm ki, Mahirin növbəti dayanacağı Azərbaycan olacaq. Təki səhv edim, o, yaxşı klublara getsin. Ancaq bilirsiniz necədir, əlinə düşən imkanlardan istifadə etmədisə, yavaş-yavaş geriləyəcəksən. "Legiya”dan Zaqrebə getməsi, oradan da Türkiyə klubuna icarəyə verilməsi… Biri var ki, komanda Mahirdən ötrü həqiqətən can atsın, biri də var ki, icarəyə götürsünlər. Bu artıq o deməkdir ki, geriləyir. Təki hansısa top-kluba getsin, istək çox yaxşı şeydir. Mən də istəyərəm ki, xarici klubların birində baş məşqçi olum. Buna əməl etmək lazımdır. Gənc vaxtlarından ömrünü futbola həsr edirsənsə, fikrimcə daha ciddi, səbrli olmaq, özünü sübut etmək lazım idi. Xarici klublarda əsas heyətdə yerin üçün 90 dəqiqə meydanın hər hissəsində mübarizə aparmalısan. Çünki legionersən. Buna dözmək lazımdır. Təəssüf ki, bizim futbolçularda belə çatışmazlıqlar var. "Legiya”da, "Dinamo”da alınmadı. Ümid edək ki, "Konyaspor”da alınar. 

Arif Əsədov
 


- Uğurlar arzulayıram. Atdığı addımı özü yaxşı bilir. Onun əsas heyətdə daim oynaması vacibdir. Özü prinsipial xarakterə malikdir. İstəyir ki, daim əsas heyətdə oynasın. Görünür, "Dinamo”da az şans yaratdıqlarına görə o, daha çox oynaya biləcəyi komandaya qoşulub. Bu baxımdan atdığı addımı düzgün qiymətləndirirəm. Haradasa oturub gözləməkdənsə, fəal olmaq məqsədəuyğundur. Yəqin ki, milli baxımından da bunu düşünüb. Son vaxtlar yığmaya gələndə oyun praktikası az olurdu. Heyətdə oynamamasının səbəbləri az şans qazanması və zədəsi idi. İndi şans düşüb, onu yaxşı dəyərləndirməlidir. "Legiya”da məlum səbəblər üzündən alınmadı. "Dinamo” isə, belə demək mümkünsə, baltikyanı ölkələrin, həm də Xorvatiyanın daim üzdə olan komandasıdır. Ola bilsin çətinlik çəkdi. Üstəlik zədəsi də maneçilik yaradırdı. Konyaya gəlməsinə geriləmə kimi baxmıram. Vacib olan odur ki, əsas heyətdə daim oynasın. Komandanın imici, adı-sanı önəmli deyil. Daim oynamalıdır ki, oradan da özünəuyğun, istədiyi komandaya gedə bilsin. Top-klubların hansındasa oynamağa gəlincə, özü belə düşünürsə, deməli, inamı var və qarşısına məqsəd qoyub. "General olmaq istəməyən əsgər, əsgər deyil” məsəli var. Ola bilər həmin top-klubara getməsin. Amma onların səviyyəsinə yaxın klublardan birinə transfer olsa yaxşıdır.

Ceyhun Sultanov
 


- Mahir bundan əvvəl Polşa, ardınca Xorvatiya çempionatında oynadı. Gəlin baxaq, Türkiyə Superliqası bu çempionatlardan aşağı, yoxsa yuxarı səviyyədədir? Məncə, Türkiyə Superliqası daha üstündür. İki ölkəni görəndən sonra Türkiyəyə gəlməsi Mahir üçün xeyirli olacaq. Nə üçün? Mental olaraq azərbaycanlılara Türkiyədə hörmət var, istər-istəməz özünü rahat hiss edəcək. Çempionatın səviyyəsi də yüksək olduğu üçün Mahir düzgün addım atıb. "Konyaspor”da özündən çox şey asılı olacaq, potensialı var. Əlbəttə, "Legiya”dakı performansını Konyada göstərə bilsə, daha yaxşı klublara gedər. Yaxşı oynasa, önündə  "Beşiktaş”, "Qalatasaray” olacaq. Bunu edə bilməsə, ya aşağı səviyyəli liqalara gedəcək, ya da sonda Azərbaycan çempionatına qayıdacaq.

Aslan Kərimov
 


- Birmənalı danışmaq, açığı düzgün olmazdı. Çünki burada çox faktorlar var. Məsələn, Emrelinin özünü necə hiss etməsi, psixoloji olaraq komandaya uyğunlaşması, türk klubunda olması daha yaxşıdır. Digər tərəfdən "Konyaspor”da, ümumiyyətlə, Türkiyə Superliqasında iştirak etməyin üstünlükləri var. Mən hesab edirəm ki, Türkiyədə Xorvatiya və Polşadan daha üstün çempionat keçirilir. Həm də rəqabətli oyunlar var. Digər tərəfdən, haqlısınız ki, "Legiya”dan, yaxud "Dinamo”dan Niderland çempionatına və başqa Avropa klubuna keçməsi daha məqsədəuyğun idi. Avropada oynaması onun futbolçu kimi daha savadlı olmasına gətirib çıxaracaq. Türkiyədə rəqabət çoxdur, fiziki, atletik cəhətdən yaxşı vəziyyətə gəlib çıxa bilər. Oyun zəkasını inkişaf etdirmək baxımından isə, məsələn, Niderland çempionatı daha əlverişli idi. Bunu qəbul etməliyik. Mahir Avropada rəqabətə tab gətirərdimi, Belçikada, Hollandiyada özünü necə hiss edərdi, bunları bilmək çətindir. Hər şey onun psixologiyasından asılıdır. İstənilən halda Zaqreb "Dinamo”sundan nisbətən səviyyəli çempionatlara getmək daha asandır. Xorvat futbolçuların Avropada yayılması, Xorvatiya millisinin imicinə görə bu mümkün idi, nəinki Türkiyədən harasa getmək. Tam olaraq geriyə addım və ya irəliləyiş sayıldığını birmənalı şəkildə demək düzgün olmaz. Ola bilər "Konyaspor”da möhkəmlənəcək və daha yaxşı klublara gedəcək. Ya da geriləyib Azərbaycana qayıdacaq. Subyektiv fikrimdir, mənə elə gəlir, biz, Emrelini yenidən "Qarabağ”da görəcəyik. Onun top-klublarda oynaması məsələsinə gəlincə, arzu olaraq yaxşıdır. Hesab edirəm "Qalatasaray”da oynaya bilər. Ancaq "Barselona”, "Mançester Siti” kimi klublara getmək… Sıradan birini belə komandalara götürmürlər. Azərbaycan çempionatından gedib orada oynamaq asan məsələ deyil. Messi kimi fenomen olmalı, aşağı yaş qruplarında hansısa beynəlxalq yarışlarda, dünya çempionatlarında özünü göstərməlisən ki, səni gənc futbolçu kimi götürsünlər. Ya da peşəkar olmalısan. Məncə "Konyaspor”dan "Qalatasaray”a keçə bilər. Bu da asan deyil. Emrelinin belə fikirləşməsi lazımdır. Konya klubunun heyətində qollar vursa, fikrimcə Türkiyə Superliqasında "Dörd böyüklər”in diqqətini cəlb edə bilər. Onun "Konyaspor”dakı perspektivinə gəlincə, son dövrlərdə bu komandanın "Qarabağ”la qarşılaşmaq ehtimalı olduğu üçün izləyirdim. Fikrimcə, aşağı-yuxarı "Qarabağ”la eyni səviyyəli komandadır. Yəni, Mahir "Qarabağ”da olduğu kimi orada da rahat şəkildə oynaya bilər. Hər halda "Konyaspor” "Fənərbağça”, yaxud "Qalatasaray” deyil.

Səbuhi Həsənov