Dünya 14:00 06.01.2024

Entoni Blinkeni Ankaraya gətirən səbəblər... (ŞƏRH)

"Blinken Türkiyəyə alverə gəlib".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, ABŞ-ın Türkiyə ilə təmasları bir çox amilləri ehtiva edir:

"Bir çox problemlər mövcuddur. Onların bəziləri köhnədən qalma problemlər olsa da, bəziləri də yeni yaranıb. Problemlərdən biri Türkiyənin Yaxın Şərq siyasətilə bağlıdır. Digər məsələ Ukraynadır. ABŞ mediasında Türkiyə haqqında son çıxışlar Ankaranın Rusiyaya bəzi şəraitləri yaratması ilə əlaqədar idi. Türkiyənin illik iqtisadi hesabatından sonra bu mövzu Avropa və ABŞ mətbuatında daha geniş işıqlandırıldı".



Analitik vurğulayıb ki, tərəflər arasında müzakirə ediləsi digər məsələ isə Ankara-Tehran münasibətləridir.

"Bu istiqamətdə ABŞ-ı narahat edən sürətli dinamika baş verir. F-16-lar məsələsi Türkiyə tərəfindən bütün formatlarda qoyulur. Yəqin ki, Blinkenlə görüşdə həmin məsələyə də toxunulacaq. Hansısa bir razılıq əldə olunacaqsa, bu ancaq müəyyən məsələlərdə qarşılıqlı güzəşt və geriçəkilmələr nəticəsində əldə olunacaq", deyə Arif Əliyev bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir. Səfərdə əsas müzakirə mövzusunun İsrail- HƏMAS qarşıdurması olacağı bildirilir. Bundan başqa ikitərəfli münasibətlər, Türkiyəyə F-16-ın satılması diqqət mərkəzində olacaq. 

Rüfət Sultan