Dünya 17:54 28.11.2022

Ərdoğan Əsədə barışıq təklif edir - Türkiyə-Suriya münasibətlərinə təsir edan amillər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriya ilə münasibətlərin normallaşacağını istisna etmədiyini bildirib. "Yaxın gələcəkdə Misirlə başlayan normallaşdırma prosesi kimi, Suriya ilə də eyni şəkildə başlaya bilər. Siyasətdə inciklik yoxdur”, deyə Ərdoğan qeyd edib.

Artıq xeyli müddətdir ki, Dəməşqlə Ankara arasında münasibətlərdəki gərginlik sıfır səviyyəsinə enib. Dəməşq rejimi bu ölkədə qarmaqarışıqlıq illərində Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün Suriyanın şimalında terrorçulara qarşı hərəkətə keçməsini özünə qarşı qəsd hesab edərək, münasibətlərin pozulmasına rəvac verib. Türkiyə Prezidentinin həmin dövrdə Suriyanın əzilən xalqının yanında olması iki ölkə arasında münasibətlərin kəsilməsinə gətirib çıxarıb. Həmin dövrdən bu yana, Ankara ilə Dəməşq bir-birinə düşmən gözü ilə baxır. 

Amma son zamanlar onlar arasında münasibətlərdə əvvəlki kəskin ritorika hiss olunmur. Daha tərəflər bir-birini hər hansı bir hərəkətə görə tənqid etmirlər. Görünür, belə vəziyyətin yaranmasında Rusiyanın da əli var. Rusiya Ukraynada ilişib qaldığı bir zamanda, digər bölgələrdə əvvəlki kimi aktivlik nümayiş etdirə bilmir. Belə olan halda Suriya bölgəsində müttəfiq hesab etdiyi ölkələrin bir-birilə qarşıdurmaya getməsi Rusiyanın marağında deyil. Çünki mövcud vəziyyətdə Moskva həmin qarşıdurmaya müdaxilə etmək gücündə olmayacaq. 

Yaranmış boşluqdan isə Türkiyə ilə Suriya rejimi arasında gərginliyin pik həddə olmasında maraqlı olan ABŞ və digər Qərb dövlətləri yararlana bilər. Moskvanı məhz bu amil narahat etdiyindən indiki halda onun üçün Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması daha məqbuldur. 

Siyasi şərhçi Vüqar Zifəroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması bir sıra daxili və xarici faktorlarla bağlıdır:



"Bu, Türkiyə Prezidenti tərəfindən səslənən pozitiv mesajdır. Bununla Ərdoğan göstərmək istəyir ki, münasibətlərin normallaşmasında maraqlıdır. Fikrimcə, Dəməşq də bu müsbət mesajı dəyərləndirməlidir və dəyərləndirəcək. Dəməşqin bu açıqlamaya necə reaksiya verəcəyini isə daxili və xarici faktorlara əsasən müəyyən etmək olar. Daxili faktor baxımından terror təhlükəsi tək Türkiyəni deyil, Suriyanın özünü də ciddi şəkildə təhdid edir. Bu mənada, Dəməşq də terror təhlükəsinin aradan qaldırılmasında maraqlı olmalıdır. Bu isə onun gec-tez Türkiyə ilə yaxınlaşmasını labüd edir. 

Rəsmi Dəməşqin Ankaraya münasibətində birtərəfli baxış yoxdur. Onlar arasında münasibətlərin normal məcraya düşməsində maraqlı olan qüvvələr olsa da, Türkiyə ilə yaxınlaşmanın əleyhinə olan qüvvələr daha ciddi təsir imkanlarına malikdir. Hansı qüvvənin proseslərə daha çox təsir edəcəyinə əsasən yaxınlarda Dəməşqin proses ətrafında necə mövqe tutacağının şahidi olacağıq.

Ankara və Dəməşq arasında münasibətlərin normallaşmasına təsir edən xarici faktor isə İran və Rusiya ilə bağlıdır. Moskva indiki məqamda müəyyən mənada iki ölkəninin münasibətlərinin daha loyal məcraya qədəm qoymasında maraqlı olsa da, İran barədə bunu demək çətindir. Bu mənada Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesinə xarici faktorların nə dərəcədə təsirli olacağını da görəcəyik”. 

Rüfət Sultan