Dünya 18:16 12.10.2022

Ərəblər ABŞ-da respublikaçıların qalib gəlməsini istəyirlər (ŞƏRH)

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, ABŞ prezidenti Co Bayden OPEC+ neft hasilatı kvotalarının azaldılması qərarından sonra Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmaq niyyətindədir. O vurğulayıb ki, Ağ Ev Səudiyyə Ərəbistanı ilə "münasibətlərin fərqli formatına keçməyi” planlaşdırır, bunun üçün "yanlaşmaları qiymətləndirəcək” və görüləcək tədbirləri müəyyənləşdirəcək. Jan-Pyer həmçinin qeyd edib ki, ötən həftə OPEC+ qərarında "Rusiya ilə yaxınlaşma”dan danışılır və indi "Rusiya ilə yaxınlaşmaq üçün doğru zaman deyil”. 

Prezident Bayden isə CNN-ə müsahibəsində Ər-Riyadın neft hasilatını azaltmaq qərarının "nəticələrini” gözlədiyini, lakin mümkün variantlar haqqında "təfərrüatlara varmaqdan” imtina etdiyini bildirib. 

Xatırladaq ki, ötən həftə OPEC+ neft hasilatı kvotalarını sutkada 2 milyon barel azaltmaq qərarına gəlib. ABŞ administrasiyası bu  qərarı "qeyri-uzaqgörənlik və məyusedici” adlandırıb. Çərşənbə axşamı Nyu Cersi senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez ABŞ-ı OPEC+ qərarına cavab olaraq Səudiyyə Ərəbistanı ilə bütün əməkdaşlığı, o cümlədən silah təchizatını dayandırmağa çağırıb. 

Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu bildirir ki, Əl-Riyadın Vaşinqtondan istədikləri var, amma onları ala bilmir:

"Səudiyyə Ərəbistanı və ABŞ arasında münasibətlər demokratlar iqtidara gəldikdən sonra soyuyub. Hələ Barak Obamanın vaxtında soyuqluq var idi. Bayden seçki dövründə Kaşıkçı qətlinə görə bin Salmanı sərt tənqid edirdi. Həm də prezident olandan sonra Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyi atırdı. Baydenin iyun 16-da Ərəbistana səfəri zamanı münasibətlərin düzələcəyi gözlənilirdi. Amma ABŞ Prezidenti belə demək olarsa, Salmanla görüş müqabilində ona çoxlu iş yüklədi və faktiki olaraq real dəstək vermədi. 

Vaşinqton istəyir ki, bin Salman İsraillə barışıq prosesi aparsın, eyni zamanda İraqa maliyyə və enerji yardımı etsin, yəni İranla mübarizədə Amerikanı dəstəkləsin. Bu, əslində pis təkliflər deyildi, Səudiyyə Ərəbistanı buna razıdır, çünki regionun lideri rolunu alır. Amma onun qarşılığında Əl-Riyadın Amerikadan istədikləri var və onları ala bilmir. Bu da demokratlarla Səudiyyə iqtidarı arasında soyuqluğa səbəb olur. Buna görə də səudlar açıq oynadılar. Noyabr ayında konqres və senata aralıq seçkilər keçiriləcək. Səudlar həm demokratlara zərbə vurmaqla onların seçkilərdə uduzmasına dəstək verir, həm də müstəqil oyuncu olduqlarını göstərirlər”. 

Ekspertin sözlərinə görə, burda həm də iqtisadi maraqlar var: 

"Hasilatı sabit saxlamaqla böyük qazanc əldə edirlər. Yəni bu həm ağıllı gediş, həm də iqtisadi mənfəət siyasətidir. Əlbəttə ki, bu, Vaşinqtonda bir çoxlarını qəzəbləndirir. Yəqin ki, seçkilərdə qalib gəlsələr demokratlar Səudiyyə Ərəbistanına dərs verməyə çalışacaq. Xüsusən də Bayden ikinci dönəm seçilərsə bu, bin Salman üçün başağrısı ola bilər. Ancaq respublikaçıların qalib gəlməsi Səudiyyə Ərəbistanı üçün müsbət nəticə verə bilər. Bir sözlə, böyük oyundur, həm də görünür ki, dünyanın qaydaları dəyişir”. 

Rüfət Sultan