Ölkə 16:40 05.08.2023

Ermənilərin Şuşa və Qarabağda törətdiyi qətliamları sübut edən Osmanlı kəşfiyyatının sənədi (FOTO)

Şəkildə yerləşdirdiyim sənəd 25 sentybar 1905-ci ilə aid, Osmanlı dövlət kəşfiyyatının əldə etdiyi məlumatlar əsasında 1905-ci ildə Cavanşir qəzasında erməni yaraqlılarının azərbaycanlılara qarşı törətdiyi soyqırımdan, həmçinin Şuşa şəhərində həyata keçirmək istədikləri təxribatlardan bəhs edir. 

Aşağıda həmin sənədin bir hissəsini transliterasiya edərək yerləşdirirəm: 

"Qafqaziya" nami-cəridəyi-rəsmiyyənin qövlüncə Yelizavetpol (Gəncə) əyalətində kain "Cavanşir" qəzasında müsəlmanlar ilə ermənilər beynində iki gündən bəri bir tüfəng atəşi davam etməkdədir. Bu əsnada doqquz kişi tələf olmuş və əyaləti-məzkurə valisi rəfaqətində  iki yüz kazak olduğu halda məhəlli-vəqiyyəyə  əzimət  etmişdir. Şuşada əhaliyi-islamiyyə ilə ermənilər beynindəki münasibətə ziyadəsilə  gərginlik ariz olduğu Ağustosun onuncu günü istixbar edilmiş olduğundan hükuməti-məhəlliyyə tərəfindən məni-iğtişaş üçün tədabiri-müəssirə ittixaz qılınmışdır. Əmrü-fərman həzrəti mən ləhül-əmrindir."
Bəzi sözlərin tərcüməsi: 
nami-cəridəyi-rəsmiyyə - rəsmi qəzetin adı 
qövlüncə - sözünə görə, verdiyi məlumata əsasən 
beynində - arasında 
rəfaqətində - ixtiyarında, nəzarətində
məhəlli-vəqiyyə - hadisənin baş verdiyi yer 
ziyadəsiylə - artıqlaması ilə, həddindən artıq 
ariz oldu - beş verdi, üzə çıxdı 
istixbar - xəbər vermək, kəşfiyyat xəbəri 
hükuməti-məhəlliyyə - yerli hökümət 
məni-iğtişaş - iğtişaşın qarşısının alınması 
tədabiri-müəssirə - təsiredici tədbirlər 
ittixaz qılmaq - yerinə yetirmək, icra etmək 
əmrü-fərman həzrəti mən ləhül-əmrindir - fərmanın əmri əmr sahibinindir. 
 


Qeyd: Sənəddə qeyd edilən məlumatlardan bir daha aydın olur ki, 1905-ci ildə ermənilər Azərbaycanın bir çox şəhər və vilayətlərində kütləvi qətliam hadisələri həyata keçiriblər. Bu məsələ aydındır və bu haqda kifayət qədər sübutlar var, şübhəyə heç bir yer qalmır. Diqqətləri çəkən ən vacib məsələ isə 200 nəfərdən ibarət kazak "sülhməramlı" ordusunun qətliamın qarşısını almaq əvəzinə, əksinə bu cinayətə dəstək verməsidir. Görünür, Qafqazda hadisələr dəfələrlə təkrarlanır. Paralellər, üst-üstə düşən məqamlar və kəsişən xətlər...

Elnur Mustafayev
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu "Din və ictimai fikir şöbəsinin müdiri