Siyasət 22:55 02.04.2024

Ermənistan atəşkəsi niyə pozdu? (ŞƏRH)

"Atəşkəsin pozulması bölgəmizdə ciddi oyunların getdiyindən xəbər verir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ermənistanın Naxçıvan istiqamətində atəşkəs rejimini pozması faktını şərh edərkən deyib.

"Ermənistanın sabit siyasi xətti, hərbi doktrinası yoxdur. Belə bir ölkəni kənardan qızışdırmaq çox asandır. İrəvan gah Rusiyanın, gah Qərbin, gah da İranın təzyiq və təhdidi altında hərəkət edir. İndi bölgəmizdə müxtəlif oyunlar gedir ki, bu oyunlar da əsasən Ermənistan üzərindən qurulub. Ermənistan marionet dövlət kimi həmişə cəbhənin ən asan yarılan hissəsidir. Fransa və ABŞ İrəvanı qızışdırır. Onların heç birini Ermənistan dövlətinin taleyi maraqlandırmır", deyə hərbi ekspert bildirib.



İbrahim Rüstəmli deyib ki, burada əsas məqsəd Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən mövqe savaşıdır:

"Qərb bölgənin zəif bəndindən istifadə edərək, Cənubi Qafqaza sızmaq istəyir. Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar. Bu, təkcə savaş və soyuq müharibə deyil, həm də Rusiyanın müttəfiqlərini onun əlindən almaq siyasətidir. Bütün bunlar bölgəmizdə ciddi və ağır oyunların getdiyindən xəbər verir. Azərbaycan üçün də o qədər də asan olmayan dönəm başlayır".

Ekspertin fikrincə, atəşkəs digər ərazilərdə də pozula bilər:

"Gələcəkdə İrəvan digər ərazilərdə də bu kimi təxribat hadisələri törədə bilər. Azərbaycan bunun da qarşısını almağa hazır olmalıdır".

Qeyd edək ki, uzun fasilədən sonra Ermənistan yenidən Azərbaycanla sərhəddə atəşkəsi pozub. Belə ki, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. 

İrəvan ABŞ, Aİ və Ermənistan rəhbərliyinin iştirakı ilə aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırlaşır. Belə bir ərəfədə isə Ermənistan atəşkəsin pozulmasına yol verir.

Rüfət Sultan