Azər Rəşidoğlu
Siyasət 15:33 07.10.2022

Ermənistan Praqada Azərbaycanın ərazi bütövlüyünü həqiqətən tanıyıbmı? (TƏHLİL)

"Praqa görüşü” başa çatdı. Danışıqların detalları açıqlanmasa da, tərəflərin səsləndirdiyi bəyanatlar ilin sonuna qədər sülh sazişinin imzalanacağı ümidini yaradır. Bəs, real vəziyyət necədir?

Praqada nə baş verdi? 

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransanın Prezidenti Emanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 2022-ci il oktyabrın 6-da Praqada görüş keçiriblər. Görüşdən sonra tərəflər bəyanat yayıblar. Bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək. Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməyə razılaşıb. Azərbaycan sözügedən missiya ilə ona aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib. Missiya maksimum iki ay müddətli olmaqla, oktyabr ayında işə başlayacaq. Missiyanın məqsədi inam yaratmaq və hesabatlar vasitəsilə sərhəd komissiyalarına kömək etmək olacaq.



Hansı sənəd daha keçərlidir: Alma-Ata bəyannaməsi, yoxsa Ermənistan Konstitusiyası?

Alma-Ata bəyannaməsi - MDB-nin məqsəd və prinsipləri, əsasları barədə sənəddir. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən "Belovej sazişi” təsdiqləndi.

Alma-Ata bəyannaməsi 21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanıb. Nəticədə, Belarus, Rusiya və Ukraynadan əlavə, daha 8 respublika MDB-yə qoşulub: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan. Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə üzv olublar. Baltikyanı respublikalar (Latviya, Litva və Estoniya) Alma-Ata bəyannaməsini də imzalamaqdan imtina ediblər. Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsinə görə bir-birlinin ərazi bütövlüyünü tanıyır. 

Lakin araşdırmaçıları düşündürən başqa sualdır - Ermənistan bəyannaməyə imza atmasına baxmayaraq, Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi olduğunu bildirmişdi. Ermənistanın Konstitusiyasında da Türkiyə və Azərbaycana ərazi iddiaları mövcuddur. Paşinyan isə Ermənistan Konstitusiyasını dəyişmək fikrində deyil. Yəni, Paşinyanın imzalayacağı heç bir sənəd Konstitusiyadan üstün deyil. Görünür, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə ona son dərəcə lazım olan zaman qazanmağa çalışıb. Aydın məsələdir ki, Paşinyan istəsə belə, erməni ictimai fikrinin əleyhinə olan qərarı qəbul edə bilməz. 

Burada təhlükəli məqam başqa nəsənədir. Əgər, Paşinyan hakimiyyətdən gedərsə, onu əvəzləyəcək yeni lider Konstutusiyanı əsas götürəcək və Paşinyanın imzaladığı sənədi adi bir kağız adlandıracaq. Bu baxımdan, Ermənistanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləmək çətindir. İstisna deyil ki, bu sənədə görə Ermənistanda Paşinyan əleyhinə mitinqlər başlayacaq və Nikol Qərbin dəstəyini ala bilməsə, onun devrilməsi baş tutacaq. Paşinyanı Rusiyapərəst biri əvəzləyəcək və Nikolun xələfi savaş baltasını havaya qaldıracaq. Revanş ermənilərə böyük uğur gətirə bilməz, lakin Avropanın himayəsi ilə imzalana biləcək sülh sazişini də imkansız edəcək.



Bütün yollar Zəngəzura aparır

"Praqa görüşü” zamanı əldə olunan əsas razılıq Zəngəzur dəhlizinə yaxın ərazilərə Avropa Birliyinin missiyasının gəlişi ilə bağlıdır. Bu məsələnin detalları açıqlanmır. Söhbətin nədən getdiyi dəqiq məlum deyil. Lakin ilkin təəsürrat ondan ibarətdir ki, Avropa missiyası sərhədyanı bölgələrə, atəşkəsin pozula biləcəyi ərazilərə gəlməyi planlaşdırır. Bu, xalq diplomatiyasının fəallaşdırılması, birgəyaşayışın reallaşması üçün böyük layihələrin işə düşməsini ehtiva edir. Plana görə, bölgə əhalisi layihələrə cəlb edilir, böyük maliyyə ayrılır, hər iki tərəfin yerli əhalisi pul qazanmağa başlayır və savaş istəyi arxa plana keçir. Bir sözlə, Avropa addım-addım Zəngəzur dəhlizinə yaxınlaşmağı düşünür. Erməni və azərbaycanlı əhalisini buna razı salmaq, sülhə hazırlamaq mümkündür. Lakin başlıca sual açıq qalır - Rusiya buna razı olacaqmı?

"Rusiya geosiyasi oyunlara qarşıdır”

Praqada adıçəkilən görüşün keçirildiyi anlarda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etdi ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir: "Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təqdim edib. Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusilə sentyabrda belə səfərlər olub”.



Zaxarova qeyd edib ki, Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması tam balanslaşdırılmış deyil. Bəzi Qərb vasitəçilərini isə ümumiyyətlə, sülh üzrə vasitəçi adlandırmaq olmaz. "Rusiya vəziyyətin kəskin pozulmasına səbəb ola biləcək geosiyasi oyunlara qarşıdır”, deyə Zaxarova əlavə edib.

Göründüyü kimi, sülhə təminat verəcək geopolitik masanın Rusiyasız qurulmasına Moskva etiraz edir. Zaxarova Avropa Birliyinin Qafqazda Rusiyanın dominantlığına qarşı demarşının qəbuledilməz olduğunu bəyan edir. Əliyev və Paşinyan buna baxmayaraq, sülh sazişinə imza atmaq riskinə gedə bilərmi? Şübhəsiz ki, gedə bilərlər. Lakin Moskva bu zaman atəşkəsin pozulaması və danışıqların dalna dirənməsinə çalışacaq. Kreml dəfələrlə belə təxribatları həyata keçirə bilib. Nəzərə alaq ki, Ermənistan siyasi və hərbi elitası hələ də Rusiyanın təsir dairəsindədir. Azərbaycanda da ordunun gözdən salınması istiqamətində atılan addımların məhz Rusiyadan qaynaqlandığını iddia edə bilərik. Problem ondadır ki, Azərbaycan iqtidarı üçün daxili təhdid yoxdur. Siyasi elita "cızığından çıxanları” kənarlaşdıra bilir. Ermənistanda isə Paşinyan və komandasını, o cümlədən Ter-Petrosyan tərəfdarlarını çıxmaq şərti ilə Rusiyaya qarşı demarş edəcək qüvvələr azdır. 

Görüş niyə indi keçirildi?

Araşdırmaçıları belə bir sual düşündürür. Qərbin təşəbbüsü ilə keçirilən görüş niyə məhz indi reallaşdı? Azərbaycan və Ermənistan liderlərinin sayca beşinci görüşü noyabr ayında olmalıydı. Vurğulayaq ki, Azərbaycanla Ermənistan arasında 12-13 sentyabr tarixlərində iki ölkənin delimitasiya olunmamış sərhədində döyüşlər baş verdi. Avropa atəşkəsin pozulması ilə Rusiyanın proseslərə müdaxilə planının işə düşəcəyini anladı və münaqişə tərəflərini danışıqlar masasına oturmağa razı sala bildi. 



Xatırladaq ki, Avropa Birliyinin təşkilatçılığı ilə avqustun 31-də keçirilən danışıqlardan iki həftə sonra münaqişənin eskalasiyası müşahidə edildi. Lakin Paşinyan bu məsələdə Rusiyaya qarşı açıq demarş edə bildi. Oktyabrın 5-də Paşinyanın parlamentdə sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan etməsi danışıqların bərpa ediləcəyi ümidini yaratdı: "Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və təsdiq edirəm ki, sonuncu müsahibəmdə dediklərimi - sülh gündəliyinin bu formul üzrə həyata keçirilməsinin məsuliyyətini - öz üzərimə götürürəm. Bu gündəliyin həyata keçirilməsində parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”.

Ərdoğandan qapıya zərbə

Bu məsələdə əsas oyunçulardan biri də Türkiyə Prezidenti Ərdoğan oldu. Qeyd edək ki, Ərdoğan diplomatiyası çevikliyi ilə seçilir. İstisna deyil ki, Ərdoğan Bakı və İrəvan arasında sülh danışıqlarının bərpasını London ilə də razılaşdırıb. Onun özünü bu qədər inamlı aparması bunu deməyə əsas verir. "Ermənistanın baş naziri Paşinyanla görüşümüz oldu. Mən səmimiyyətlə inanıram ki, biz regionda mehriban qonşuluq münasibətləri əsasında tam normallaşma üzrə məqsədimizə nail ola biləcəyik", deyə Ərdoğan vurğulayıb.



Qeyd edək ki, Ərdoğanın ötürdüyü topu İlham Əliyev də qəbul edə bildi və dərhal bəyan etdi ki, "indi sülh prosesi sürətlənib… Nazirlər tezliklə ikinci dəfə görüşəcəklər. Biz iki ölkənin işçi qruplarına birlikdə toplaşmağı və sülh sazişinin mətninin hazırlanması üzərində işləməyi təklif etdik. Bizim niyyətimiz bundan ibarətdir”.

Şübhəsiz ki, Ankara-Bakı birliyi, İrəvanın bu birliyə "xilas kəməri” kimi baxması faktı da Kremli hiddətləndirir. Moskva kənarda qalmaq istəmir. Lakin Türkiyə və Azərbaycan liderlərinin Praqada sakit davranışı məsələnin Moskva ilə razılaşdırıldığını da deməyə əsas verir. Görüşdən dərhal sonra Ərdoğan bəyan etdi ki, Rusiya prezidenti Putinlə telefonla danışacaq və regional məsələləri müzakirə edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Onun Putinlə görüşü və müzakirələri nəzərdə tutulub.

Soros niyə hədəf seçildi?

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Heç də təsadüfi deyil ki, "lazımi məqamda və lazımı yerdə peyda olan” Azərbaycan jurnalisti Türkiyə və Azərbaycan liderlərinə suallar ünvanladı. Sual və cavablar pozitivliyi ilə diqqəti çəkdi. Ən maraqlı detal isə o oldu ki, hər iki lider Putinin "qara siyahısı”nda ilk yerlərdə olan Sorosu hədəf seçdilər. Nəzərə alsaq ki, diplomatiyada adi bir təbəssümün də önəmi var, verilən mesaj aydın idi - "Biz Qərbə meylənmirik, sadəcə, öz maraqlarımızı qorumaqla məşğuluq”. 

Zarafatyana verilən mesajlar eyni zamanda danışıqlar masasında "təsadüfən peyda olan” Lea Ypinin Albaniya diktatoru Ənvər Xoca barədə yazdığı "Azad tarixin sonu və yeni dövrün başlanğıcı" kitabının doğurduğu ajiotaja cavab idi - bizi keçmişdə qalan stalinizm maraqlandırmır, bizi ancaq Ermənistanla məsələni həll etmək düşündürür.

Fransa nə istəyir?

Ərdoğanın Fransa prezidenti Makrona zarafatla ünvanladığı "gəl, qoşul türk birliyinə” mesajı da geosiyasi vəziyyətin dəyişdiyinin xəbərçisidir. Vurğulayaq ki, Praqada liderləri bir araya gətirmək, əslində, Makronun və onun gündəmə gətirdiyi - Avropa Siyasi Birliyi ideyasının məhsuludur. Emmanuel Makron Ukraynanın Avropa İttifaqına qısa müddətdə üzvlüyünün əleyhinə olduğu üçün bu ölkəni və digərlərini bir araya toplamaq məqsədiylə Avropa İttifaqı nəzdində Avropa Siyasi Birliyi təsis edilməsini təklif edib. Brüssel də Makronun bu ideyasını dəstəkləyib. Nəticə uğurlu alınıb. 



Praqada Serbiya-Kosovo, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Türkiyə-Yunanıstan dialoqunun genişlənməsinin əsası qoyuldu. Bu isə artıq yeni formatın qurulmasıdır. Əlbəttə ki, yeni platforma Rusiyanın qıcığına səbəb ola bilər. Lakin Ukraynada gücünü itirən Rusiyanın diplomatik zəmində prosesə mane olacağı ehtimalı azdır. Düzdür, Rusiya hər zaman əsas təhlükə mənbəyi olaraq qalır. Bu baxımdan, qarışıda diplomatiyamızı daha "isti günlər” gözləyir...

Azər Rəşidoğlu