Siyasət 12:49 28.06.2022

Ermənistan sülh sazişini imzalamaq istəmir - Ekspert

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə dezinformasiya yaymaqla məşğuldur. Belə ki, Paşinyan keçirdiyi onlayn mətbuat konfransında bəyan edib ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirir, Azərbaycan isə yeni müharibəyə legitimlik qazandırmağa çalışır. Baş nazir delimitasiya və demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı ilkin razılığın əldə edildiyi qeyd edib. Onun iddiasına görə, Bakı razılaşmadan imtina edib. Paşinyan onu da vurğulayıb ki, Bakı 30 ildir Ermənistanı blokadada saxlayır və ona görə də kommunikasiyaların açılmasını ləngidir. 

Qeyd edək ki, Paşinyan adıçəkilən açıqlamasını Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçına səfəri fonunda səsləndirib. Prezident Kəlbəcərdə çıxışı zamanı bəyan edib ki, Ermənistan sərhədlərin müəyyən edilməsini ləngidir və əgər, İrəvan yenə də öz köhnə taktikasına qayıdarsa, vaxt uzatmağa çalışarsa, nəticədə özü peşman olacaq: "Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. 

Bu müstəvidə Paşinyanın Azərbaycanın guya yeni müharibəyə hazırlaşdığı barədə açıqlaması əslində xaricdəki hamilərini ayağa qaldırmağa, Ermənistana kömək əlini uzatmağa hesablanıb. Bu kimi fikirləri gündəmə gətirməklə Paşinyan görünür həm də sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması məsələsində hansısa irəliləyişin əldə edilməsinin qarşısını almağı düşünür. Həmçinin, onun yuxarıda dedikləri erməni cəmiyyətini öz ətrafında birləşdirməyə hesablanmış addım da ola bilər. Başqa bir tərəfdən, Paşinyanın həmin açıqlaması sülh danışıqlarında prosesin müsbətə doğru irəliləməsi üçün ciddi təzyiqlə üzləşdiyinin göstəricisi də ola bilər. 

Məsələni Qaynarinfo-ya şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin fikrincə, Paşinyan belə bir açıqlaması xaricdən və daxildən özünə qarşı olan təzyiqləri neytrallaşdırmaq məqsədi daşıyır: 

"Paşinyanın şərhlərinə fikir verdikdə burada çoxsaylı ziddiyyətli fikirlərin yer aldığını görə bilərik. Son 2-3 ayda Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində aparılan prosesə qarşı Ermənistanı müəyyən etiraz aksiyaları bürüdü. Çox güman, Paşinyan da məhz həmin təzyiqləri, aksiyaları nəzərə alır. Əvvəlcə o, Qarabağla bağlı tələblərin dərəcəsini azaltmalı olduqlarını bildirib. Lakin bu çıxışdan sonra ona daxildən və xaricdən güclü təzyiq göstərilib. Ona görə də Paşinyan Azərbaycanın yeni müharibəyə başlaya biləcəyini gündəmə gətiməklə ona təzyiq edən qüvvələri sakitləşdirməyə, onları neytrallaşdırmağa çalışır. Azərbaycanı təcavüzkar, qeyri-konstruktiv ölkə kimi göstərmək klassik erməni təbliğatıdır. Ümumiyyətlə, son zamanlar Ermənistan rəsmilərinin addım və açıqlamaları göstərir ki, sülh sazişinin imzalanmasından hələ xeyli uzağıq”. 

Rüfət Sultan