Dünya 22:01 30.01.2023

“Əsgər atası” filmi 1965-ci ildə nəyə görə qadağan etmək istəyiblər?

- Mən burda oğlumu axtarıram... O, çox yaraşıqlıdır!

- Ata, biz hamımız, yaraşıqlıyıq...

- Hə, düzdü…

*

Müharibə haqqında ən ağrılı filmlərdən biri olan "Əsgər atası”nı 1965-ci ildə niyə az qala qadağan edəcəkmişlər?

1965-ci il yanvarın 11-də Tbilisidə Rezo Çxeidzenin quruluşunda "Əsgər atası” hərbi dramının premyerası olub. Film inanılmaz uğur qazanıb və son kadrlar zaldakı insanları ağladıb. Bir filmdə həm şir ürəkli döyüşçülər, həm bığ yeri yenicə tərləyən növcavanlar...
Senari müəllifi, gürcü yazıçısı və dramaturqu Suliko Jgenti süjeti özünün şahidi olduğu real hekayə əsasında yazıb.

İş ondadır ki, Jgenti bütün müharibəni desant taqımında keçirib. 1943-cü ildə taqıma ahıl bir gürcü də gəlib. Cəbhəyə könüllü olaraq gəlmiş bu ahıl kişi oradakı gənc əsgərlərin əsl tərbiyəçisi və atasına çevrilib. Onun adı Georgi Maxaraşvili olub.

Jgenti senarini yazarkən qəhrəmanın əsl adını qaralama versiyasında saxlayıb, sonradan ona uyğun təxəllüs tapacağına ümid edib. Lakin senari tamamlandıqdan sonra o, bu ləyaqətli insanın xatirəsinə onun öz adını filmdə saxlamağa qərar verib.

Ona özündən əsərə heç nə əlavə etməyə gərək olmayıb, çünki filmdə göstərilən bütün əhvalatlar Georgi Maxaraşvilinin real həyatından götürülüb - Georginin üzüm bağını əzib keçmək istədiyi üçün tankistin üzünə şillə vurması epizodu da daxil olmaqla.
Suliko Jgenti hazır senarini dostu, kinorejissor Rezo Çxeidzeyə aparıb. Senarisini oxuyub, onun göz yaşını görüb və elə həmin gün razılaşıblar ki, bu filmi mütləq "Əsgər atası” qısa adıyla çəkəcəklər...

*

Filmin nümayişi zamanı çətinliklər yaranıb...

Kinematoqrafiya naziri Aleksey Vladimiroviç Romanov qərar verib:

- Sovet Ordusu bu filmə baxmayacaq...

"Mübahisə əsgər Georgi Maxaraşvilinin tankla üzümlərin üstündən keçən zabiti döyməsi epizoduna görə qızışdı... – Çxeidze müsahibələrinin birində deyir. - Nazir Romanov bunu ordu nizamnaməsinin pozulması kimi qiymətləndirdi...

Bir neçə gündən sonra filmi Müdafiə Nazirliyində nümayiş etdirdik. Hərbçilər filmin kadrlarına çox emosional reaksiya verdilər: göz yaşlarını silərək ucadan alqışlayırdılar...

Filmin nümayişindən sonra foyedə onlar Georgi Maxaraşvilidən sitat gətirirdilər:

- Heç kim mənə döyüşməyi öyrədə bilməz. Atam - döyüşüb, onun atası - döyüşüb, onun da, onun da atası - döyüşüb...

Ordunun siyasi idarəsinin rəisi general Yevgeni İvanoviç Vostokov baxışdan sonra mənə yaxınlaşdı:

- Sizin kinematoqrafiya naziriniz heç nə başa düşməyib... Burada bir əsgər zabiti cəzalandırmır, bütün canlıları, o cümlədən üzümləri qorumaq istəyən bir ata oğlu yaşında tankistə tərbiyə verir...

Beləliklə, general Yevgeni İvanoviç Vostokovun sayəsində film tam olaraq ekranlara çıxdı...

Sonra film həm Mərkəzi Komitəyə, həm də Brejnevə göstərildi...

1966-cı ildə isə Serqo Zakariadze Lenin mükafatını aldı – bu, həmin vaxt ən yüksək dövlət mükafatı idi...”

Alpər