Dünya 19:17 11.08.2022

Şeyx Rəhimullah Həqqani öldürüldü (VİDEO)

Talibanın yüksək vəzifəli üzvlərindən biri və Kabildəki məşhur "Həqqani" dini məktəblərinin direktoru Şeyx Rəhimullah Həqqani bu gün iş yerində baş verən partlayış zamanı həlak olub.

Qaynarinfo bu barədə "Independent"in fars bölməsinə istinadən xəbər verir.

Talibanın ən radikal liderlərindən biri hesab edilən Rəhimullah Həqqani təşkilatın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən əvvəl Pakistanın Pişəvər şəhərində bir neçə dini məktəbi idarə edib. Ötən il Əfqanıstan hökumətinin süqutundan sonra o, bir sıra dini məktəblərini Kabilə köçürüb.

Talibanın sözçüsünün müavini Bilal Kərimi xəbəri təsdiqləyib. "Ölkənin böyük şəxsiyyəti Şeyx Rəhimullah Həqqani düşmənin amansız hücumu zamanı şəhadətə ucalıb".

Bildirlir ki, bu qrupun komandirləri və liderləri də daxil olmaqla bir çox Taliban üzvü son 20 ildə Pakistanın Pişəvər şəhərində fəaliyyət göstərən Şeyx Rəhimullah Haqqani məktəblərinin yetirmələridir.

Qeyd eüdək ki, hələ heç bir qruplaşma və ya şəxs Rəhimullah Həqqaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməyib.

M.Arif