Ölkə 12:35 27.11.2023

Faciəli statistika:18 yaşlı qadınlar niyə abort etdirirlər? (AÇIQLAMA)

"Talassemiya və bəzi irsi xəstəliklərin selektiv izlənilməsi prosesi məqsədəuyun olardı. Amma cinsiyyətə görə aparılan abortlar başa düşülən deyil. Bununla bağlı insanların şüurunda dəyişiklik edilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda 18 yaşlı qadınların aborta müraciət etməsi hallarının artmasından danışarkən deyib.

Professor bildirib ki, cinsiyyətə görə həyata keçirilən abortlar Azərbaycanda mentalitetlə bağlıdır:



"Yəni, oğlan uşağı axtarışı ilə əlaqədardır. Bu hər bir ailədə xüsusi qayğıdır. Təəssüflər olsun ki, istisnalar var, amma istəlinən halda ailələrin əksəriyyəti oğlan uşağı axtarışındadır. Selektiv abortlar zərurəti də bundan ortaya çıxır. Bunun qarşısını almaq üçün əvvəllər tədbirlər görülürdü. Həkimlərə ulturasəs müayinə ilə uşağın cinsiyyətini demək qadağan olundu. Abortlara görə cinayət məsuliyyəti nəzərdə tutuldu. Belə yanaşmanın da faydası olmadı. Yəqin ki, bunu zaman aradan qaldıracaq”.
 
Adil Qeybulla hesab edir ki, əgər uşaq ana bətnində xəstədirsə, belə halda hamiləliyə son verilə bilər: 

"Abortların selektiv aparılması Azərbaycanda daha çox talassemiya və bəzi irsi xəstəliklərə qarşı ola bilər. Əgər, uşaq ana bətnində talassemiya xəstəsidirsə, bu cür uşaqların valideynləri daşıyıcı olur. Hamiləlik dövründə də bunlar izlənilir”. 

Qeyd edək ki, Azərbaycanda abortların sayı ilə bağlı statistika 2021-ci ildə 46877, 2022-ci ildə isə 31747 olub. Mütəxəssislər real rəqəmlərin statistikadan dəfələrlə çox olduğu qənaətindədirlər. Azərbaycanda abort üçün müraciət edənlərin sayı 18-35 yaş arasında olduğu bildirilir. 

Bahar Rüstəmli