İdman 16:19 25.10.2023

Fərid Qayıbova yeni vəzifə verildi (FOTO)

UNESCO-nun Fransanın paytaxtı Parisdə yerləşən mənzil-qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı keçirilir.
 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Azərbaycan Konfransda gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
 
Konfransın gündəliyinə əsasən, bu gün Konvensiyanın Bürosuna seçkilər keçirilib və nazir Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.
 
Konfransda həmçinin cari ilin iyununda ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına evsahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə, təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.