Amal Abuşov
İdman 11:34 23.01.2023

Fərmayılın faciəsi

Futbol dünyası Erlinq Holanndan danışır. Hələ 23 yaşını tamamlamamış hücumçu İngiltərə Premyer Liqasında rekordları alt-üst edir. Dünən keçirilən "Mançester Siti” – "Vulverhempton” qarşılaşması Norveç milli komandasının üzvü üçün xeyli əlamətdar olub. Belə ki, Erlinq İngiltərə Premyer Liqasında keçirdiyi 19-cu oyunda dördüncü dəfə het-trik etməyi bacarıb. Yəni ki, bir oyunda rəqibin qapısına üç dəfə qol vurub. İndiyə qədər bunu edən olmamışdı...

Əlbəttə ki, Hollanndın bu uğurlarında onun böyük istedad sahibi olması böyük rol oynayır. Qol vurmaq xüsusi məharət tələb edən bacarıqdı. Futbolda "qol duyumu” deyilən bir termin var. Hücumçunun ən böyük üstünlüyü məhz həmin duyumun yüksək olmasıdır. Top ayağına gələndə onu "çərçivə”yə sürətlə göndərməyi bacarmalı, ani qərar qəbul etməli, "dəri kürə”ni qapıçı üçün əlçatmaz olan nöqtəyə ünvanlamalısan. Bütün bunlar istedad tələb edir. Amma təkcə istedadla İngiltərə Premyer Liqası kimi səviyyəli çempionatda fırtına kimi əsə bilməzsən. Uşaq yaşlarından yaxşı məktəb keçməli, öz istedadını inkişaf etdirməlisən. Məhz futbol məktəbindəki mütəxəssislər futbolçuya qapı qarşısında düzgün mövqe seçməyi, cərimə meydançasına havalandırılan topa vaxtında yüksəlməyi, məşqlərdən sonra gücünü bərpa etməyi, daim formada qalmaq üçün nəyin tələb olunduğunu və sair bu kimi nüansları öyrədir.

Azərbaycanlı futbolçuların faciəsi elə burdan başlayır. Onlar yaxşı futbol məktəbi görmür, futbolun incəliklərini zamanında səviyyəli mütəxəssislərdən öyrənmirlər. Nəticədə də Allahın verdiyi istedad da müəyyən vaxtdan sonra bir işə yaramır. Nə düz-əməlli bir futbolçu kimi ortaya çıxa bilirsən, nə də cəmiyyətdə özünə yer tutacaq qədər savad-təhsil yiyəsi olursan. Məhz bu natamamlığın da nəticəsində neçə-neçə futbolçu yeniyetməlik dövrünü keçəndən sonra ya futbolu atmalı olur, ya da bir qarın çörəkdən ötrü aşağı divizion təmsilçilərində, həvəskarlar liqasında gününü keçirirlər. Onlar öz cavan ömrünü, insan kimi yaşamaq fürsətlərini itirirlər, Azərbaycan futbolu da həmin istedadları.

Nizami Hacıyevlə Mirhüseyn Seyidov Azərbaycan səviyyəsi üçün yetərincə istedadlı, yaxşı karyeraya sahib futbolçular idi. Təəssüf ki, adları xoşagəlməz olaylarda hallandı, futboldan urvatsız, özlərinə layiq olmayan şəkildə yola salındılar. Onların adları oyun alqı-satqısında hallanmışdı, buna görə də futboldan ömürlük uzaqlaşdırıldılar. İndiyə qədər də bilmirik ki, Hacıyevlə Seyidov məhz hansı oyunu kimə satıblar. Dəqiq bildiyimiz odur ki, belə cəzalar xoşagəlməz halların kökünü kəsmir, cəza çıxış yolu deyil. AFFA bu günlərdə Fərmayıl Əliyevlə Emin Mehdiyevi danışılmış oyunlara görə futboldan ömürlük uzaqlaşdırıb. Fərmayılın atası "Qaynarinfo”ya açıqlamasında oğlunun MOİK-də 500 manat maaş qarşılığında oynadığını deyib. İndiki zəmanədə 500 manat maaşa kim ailəsinin problemlərini həll edə bilər ki, ağlı başında da futbol oynasın? 

Əlbəttə, az maaş almaq, maddi ehtiyacı olmaq oyun satmağa əsas vermir. Amma məlum məsələdir ki, 500 manatla dolana bilməyən futbolçunun gözü orda-burda olacaq. Mən Fərmayılın "Turan Tovuz”un heyətində çıxışını illər öncə görmüşdüm. Əmin idim ki, böyük gələcək vəd edir. Eləcə də Emin Mehdiyev gənc yaşlarında "Neftçi”nin əsas heyət üzvü idi. O "Neftçi”nin ki, Avropa Liqasının qrup mərhələsində oynayırdı. Vaxtında normal futbol məktəbi keçməmələri, futbolçu kimi xarakterlərinin formalaşmaması onları indiki səviyyəyə endirdi, istedadlarından nə özləri bəhrələndi, nə də Azərbaycan futbolu. Deməli, indiki acınacaqlı durum da onlarla birlikdə Azərbaycan futbolunun faciəsidir. Heç olmasa, bundan sonrası üçün nəticə çıxarmaq lazımdır.

Amal Abuşov