Ekonomiks 18:36 22.11.2023

FHN barəsində inzibati iş başlandı - Nazirlik xaricdən hansı malları idxal etmək istəyib?

Fövqəladə Hallar Nazirliyi iqtisadi fəaliyyət əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.

Qaynarinfo xəbər verir ki, nazirlik barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati iş başlanıb.

Bu maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır. 

Məsələnin təfərrüatları barədə açıq mənbələrdə məlumat yoxdur.

Anlaşılan odur ki, FHN hansısa malların idxalı üçün avans ödəyib. Lakin mallar idxal edilməyib. Ödənilmiş valyuta vəsaiti isə geri qaytarılmayıb. Bu baxımdan, FHN barəsində inzibati iş başlanıb. 

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. 

430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Seyid