Dünya 15:01 19.02.2023

Finlandiya NATO-ya İsveçsiz daxil olacaq?

Finlandiya İsveçlə birlikdə Şimali Atlantika Alyansına qoşulmağa üstünlük verəcək. Bununla belə, Türkiyə hökuməti İseveçin NATO-ya üzv qəbul olunmasına razılıq verməyi gecikdirsə, Finlandiya təkbaşına Alyansa üzv olcaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press"ə Finlandiyanın müdafiə naziri Mikko Savola bildirib.

"İsveç bizim ən yaxın tərəfdaşımızdır. Demək olar ki, hər həftə müdafiə qüvvələrimiz birgə təlimlər keçirir və s. Bu, çox dərin əməkdaşlıqdır və biz də bir-birimizə tam etibar edirik. Amma indi hər şey Türkiyənin qərarından asılıdır", deyə Savola bildirib.

Finlandiyanın baş naziri Sanna Marin isə Münhen Təhlükəsizlik Konfransında bildirib ki, Türkiyənin İsveçin namizədliyinə qarşı çıxmasına baxmayaraq, qonşu ölkə ilə birlikdə NATO-ya üzv olmaq üçün səy göstərirlər: "Türkiyə və Macarıstana İsveçlə birlikdə NATO-ya daxil olmaq istədiyimizə dair açıq siqnal və mesaj verdik. Biz İsveçlə eyni vaxtda NATO-ya qoşulmaq istəyirik. Bu, təkcə yaxşı qonşu və tərəfdaş olduğumuz üçün deyil, həm də NATO-nun təhlükəsizlik planı kimi konkret vəziyyətlərlə bağlıdır".

Qeyd edək ki, Danimarkanın ifrat sağçı "Sərt xətt” Partiyasının lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmasından sonra İsveçlə Türkiyə arasında gərginlik artıb. Türkiyə İsveçdən fərqli olaraq, Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verə biləcəyini açıqlayıb.

Finlandiya və İsveç bitərəflik siyasətindən əl çəkərək, NATO-ya üzvlük üçün müraciət edib. Bu müraciətlər iyun ayında qəbul olunub. Artıq NATO-nun 30 üzvündən 28-i Finlandiya və İsveçin ərizələrini ratifikasiya edib. Hələlik ratifikasiya üçün açıq şəkildə heç bir şərt irəli sürməyən Macarıstan və bu ölkələrin Alyansa daxil olmasına qarşı çıxan Türkiyə qalıb. Türkiyə hər iki ölkədən terrorçuluqda ittiham olunan şəxslərin təhvil verilməsini istəyir. Prezident Rəcəb Tayyib Ərdoğan ərizələrin təsdiqi üçün PKK-nın 100-dən çox nümayəndəsinin Türkiyəyə ekstradisiyasını şərt adlandırıb.

Aydın