Dünya 15:41 01.07.2022

Finlandiyanın üç böyük şirkəti Rusiya bazarından çıxdı

Finlandiyanın üç böyük şirkəti KONE, "Nokian Tyres” və "Ponsse” Rusiya bazarını tərk edirlər.

Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə şirkətlər məlumat yayıblar.

Lift və eskalator sənayesində qlobal lider olan KONE Korporasiyası Rusiyadakı biznesini yerli idarəetməyə təhvil verəcəyini açıqlayıb. 

Şirkət bir müddətdir Rusiyada fəaliyyətini azaldıb, tədarükləri dayandırıb və yeni sifarişlər imzalamır. 

Ukraynadakı müharibə ilə əlaqədar Rusiya bazarından çıxdığını elan edən şirkətlər arasında "Nokian Tyres” avtomobil təkərləri istehsalçısı da var. "Nəzarətli çıxış hazırlıqları dərhal başlayacaq və şirkət müxtəlif variantları qiymətləndirəcək",- şirkət press-relizində deyib. "Nokian Tyres” Rusiyada 2005-ci ildən fəaliyyət göstərirdi. 

Dünyanın aparıcı meşə maşınları istehsalçılarından biri olan Ponsse də çərşənbə axşamı Rusiyadakı əməliyyatlarını satacağını bildirib və Rusiya bazarından çıxdığını elan edib. 

Nurlan Hüseynov