Dünya 20:29 28.03.2023

FTB Trampın birinci həyat yoldaşını bir neçə il izləyib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) illərdir Donald Trampın birinci həyat yoldaşının Çexoslovakiya kəşfiyyatı ilə mümkün əlaqələri olduğuna görə təhqiqat aparır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” FTB-də olan sənədlərə istinadən məlumat yayıb.

Təhqiqat 1990-cı illərdə bir anda bir neçə ölkədə aparılıb.

FTB-yə daxil olan məlumatlardan belə çıxır ki, bu xüsusi xidmət orqanın eyni anda Kanada və bir sıra Avropa ölkələrindəki nümayəndələrinə İvana Zelniçkovanın (Tramp) Çexoslovakiyadan əvvəlcə Avstriyaya, sonra isə Kanadaya necə mühacirət etməyi bacardığı barədə məlumat toplamaq tapşırılıb. Onun Donald Trampdan boşanma işi də yoxlanılıb.

1989-cu il tarixli sənədlərin birində büro mənbədən alınan məlumat əsasında xanım Trampa qarşı ilkin istintaqın açılmasını tövsiyə edir. Düzdür, sənəd müəllifi qeyd edir ki, "ittihamların onun var-dövləti və şöhrəti ilə bağlı paxıllığın nəticəsi olub-olmaması məlum deyil”. 
Araşdırma FTB-nin əks-kəşfiyyat şöbəsi tərəfindən aparılıb və sənədlərə əsasən, ən azı iki il davam edib.

İvana Tramp 1949-cu ildə Qotvald şəhərində anadan olub və 1971-ci ildə Avstriya vətəndaşı ilə evlənərək Çexoslovakiyanı tərk edib. Daha sonra Kanadaya köçüb. 1976-cı ildə Donald Trampla tanış olub və növbəti il onunla evlənib. Cütlük 1990-cı ildə boşanıb.

Keçən il xanım Trampın ölümündən sonra "Bloomberg" İnformasiya azadlığı aktından istifadə edərək əvvəllər məxfi sayılan 190 səhifəlik sənədləri əldə edib və büro sənədləri verməzdən əvvəl diqqətlə redaktə edib. İstintaq qeyd edib ki, 1990-cı ildə əvvəllər çexoslovakiyalı dissidentlərə kömək etməkdə, hətta onlara empatiyada da görünməyən İvana Tramp Praqaya səfər edib və o vaxtkı aparıcı dissidentlərdən biri, sonradan Çexiya prezidenti olmuş Vatslav Havellə görüşüb. Sənəddə qeyd olunub ki, yüksək məlumatlı və etibarlı mənbə FTB-yə bildirib ki, cənab Havel İvana Trampa öz avtoqrafı olan kitab verib.

Yaxın aylarda büro FTB-nin Donald Trampın birinci həyat yoldaşına marağı ilə bağlı digər sənədləri "Bloomberg"ə təhvil verəcəyini vəd edib.

Nizami Bağırov