İdman 10:43 29.11.2023

Futbolda yeni qaydalar müzakirə olunur - 10 dəqiqəlik cəza...

Futbola yeni qaydalar gətirilir. 
 
Qaynarinfo-nun məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) matçın davam etdiyi müddətdə qayda pozuntusuna yol verən və ya hakimə etiraz edən oyunçulara 10 dəqiqəlik cəza verilməsi məsələsini nəzərdən keçirir.

İngiltərə mətbuatında çıxan xəbərlərə görə, paytaxt Londonda keçirilən idarə heyəti iclasında hakimə taktiki qayda pozuntusuna yol verdikləri və ya etirazlarında israrlı olduqları halda oyunçuları 10 dəqiqə meydandan kənarlaşdırmaq səlahiyyətinin verilməsi müzakirə olunub. Bundan əlavə, reqbidə olduğu kimi hakimə yalnız komanda kapitanının yaxınlaşması qaydası barəsində də fikir mübadiləsi aparılıb. Həmçinin bu qaydaların Federasiya Kuboku və Qadınlar Superliqasının oyunlarında pilot tətbiq kimi həyata keçirilə biləcəyi qeyd olunub.

İdarə Heyətinin üzvləri VAR hakiminin künc, cərimə zərbələrinə və ikinci sarı vərəqə qərarlarına müdaxilə edib-etməməsi məsələsi haqda da danışılıb. Londondakı görüşdə müzakirə olunan məsələlər gələn ilin martında keçiriləcək Baş Assambleyanın iclasında səsverməyə çıxarılacaq.

Səbuhi Həsənov