İdman 12:11 02.02.2022

Futbolun İnkişaf Fondu klublara maliyyə tapılmasında yardım edəcək

2016-cı ildə AFFA tərəfindən yaradılmış Futbolun İnkişaf Fondunun fəaliyyəti aktivləşdiriləcək.

Qaynarinfo xəbər verir ki, bu gün keçirilən AFFA-nın Hesabat Konfransında fondun əsas məqsədinin region klublarına dayanıqlı mənbə tapmaq olduğu bildirilib.

Belə ki, Region Liqasında çıxış edən komandalara sponsorların tapılması missiyasını AFFA yerinə yetirəcək. Eyni zamanda fondun Gəncə, Tovuz, Mingəçevir, Lənkəran və Zaqatalada nümayəndəliyi fəaliyyət göstərəcək.

Fondun əsas funksiyası klublarla sponsorlar arasında vasitəçilik etmək olacaq. Eyni zamanda hər regionun ayrı fondu olacaq. Orada vəsaitlər toplandıqdan sonra hansısa region futboluna 1 milyon manat toplanarsa, digər 1 milyonun əldə olunmasında AFFA yardımçı olacaq və həmin rayonun klubu ümumilikdə 2 milyon manatlıq büdcə ilə Azərbaycan Premyer Liqasına buraxılacaq.

Qeyd edək ki, Futbolun İnkişaf Fondunun tərkibi AFFA İcraiyyə Komitəsinin üzvlərindən ibarətdir.