Dünya 13:35 20.05.2023

G7 liderləri Zelenskinin planını münaqişəyə son qoymaq üçün yeganə əsas hesab etdi

Böyük Yeddilik (G7) ölkələrinin liderləri Yaponiyanın Xirosima sammiti çərçivəsində Rusiya-Ukrayna münaqişəsi və sülhün əldə edilməsi ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski ilə razılaşdırılmış ABŞ xəttini qəbul ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera” nəşri yazıb.

Qəzet qeyd edir ki, G7 sammitinin iştirakçıları Moskva ilə Kiyev arasında münaqişənin həllində Çin və Vatikanın vasitəçiliyindən imtina ediblər. Onlar Zelenskinin əvvəllər təklif etdiyi planı münaqişəyə son qoymaq üçün yeganə mümkün əsas kimi "sülh formulu” hesab ediblər.

Bundan əvvəl Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud bildirib ki, dövlət münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında vasitəçilik səylərini davam etdirməyə hazırdır.

Xatırladaq ki, Vladimir Zelenski ötən ilin noyabrında G20 sammiti zamanı Ukrayna üçün "sülh formulunun” on bəndini təqdim etmişdi. Plan radiasiya, ərzaq və enerji təhlükəsizliyi, bütün əsirlərin azad edilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması, ekosidlə mübarizə, eskalasiyanın qarşısının alınması və münaqişənin sona çatdığının müəyyənləşdirilməsini nəzərdə tutur.

Bununla belə, Moskva Zelenskinin təklif etdiyi planı, eləcə də Moskvanın Donbas, Zaporojye və Xerson vilayətləri üzərində suverenliyini nəzərə almayan hər hansı planı qəbul etməyi istisna edib.

Alpər