Ölkə 16:15 08.12.2022

General bəraət istəyir - Nizami Şirinovun apellyasiya şikayəti təmin ediləcəkmi?

Dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyib. 

Təqsirləndirilən şəxslərin, xüsusilə general Nizami Şirinovun şikayətinin qismən ediləcəyi ehtimal olunur. Bunun səbəbi generalın zərərəçkənlərə dəymiş ziyanı ödəməsi ilə bağlıdır. 

Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər. Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar almaqda təqsirli biliniblər. 

Zərərçəkmiş Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov isə 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Seyid