Ölkə 14:16 23.02.2023

Generalın cinayət işindən yeni şikayət: Cəzası azaldılan Nizami Şirinovun başı yenə dərddə

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinov, keçmiş idarə rəisləri Elman Tahirov, Elcan Abdullayev və keçmiş əməliyyat müvəkkili Nadir Nəzərovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxslər Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Qaynarinfo xəbər verir ki, zərərçəkmişlər Mirəzli Yusifov, Vüqar Ağayev, Emin Abbasov və Rahib Ağayevin şikayəti Ali Məhkəmədə Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq. 

Nizami Şirinov, Elman Tahirov, Elcan Abdullayev və Nadir Nəzərov "MTN işi” çərçivəsində həbs olunub. Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elman Tahirov, Elcan Abdullayev və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə itiham elan edilib. 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.  Elman Tahirov barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilib.

Bu il fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyasının qərarına əsasən, Nizami Şirinovun cəzası 6 ilə, Elcan Abdullayevin cəzası isə 5 ilə endirilib. Nadir Nəzərova gəlincə, o, apellyasiya instansiyasında məhkəmə zalından azadlığa buraxılıb. Hakimlər belə nəticəyə gəlib ki, ona ittiham verilmiş epizodlar üzrə qanunda nəzərdə tutulmuş məsuliyyətə cəlbetmə müddəti keçib.

İş üzrə zərərçəkmişlərdən Mirəzli Yusifov Ali Hərbi Məktəbin rəisi, Rahib Ağayev isə general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub. 
Mirzəli Yusifov ifadəsində bildirib ki, Nizami Şirinov və işçiləri ondan hədə-qorxu ilə 315 min dollar alıblar.

Seyid