Ekonomiks 15:19 30.11.2023

Gömrük limiti yenidən endirilir? (AÇIQLAMA)

Son günlər sosial şəbəkələrdə gömrük limitinin 300-dən 150 dollara endiriləcəyi ilə bağlı iddialar səsləndirilməyə başlayıb. Bu isə vətəndaşların ciddi narahatlığına səbəb olub. Bəs görəsən, gömrük limiti daha da endirilə bilərmi? 

Marketoloq Pərviz Əzimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, xarici ölkələrin alış-veriş saytlarından bağlı gömrük rüsumunun 300 dollardan 150 dollara endirilməsi ilə bağlı danışılanlar şaiyədir:

"Biz daşıyıcı şirkətik və bu saata kimi bununla bağlı heç bir məlumat gəlməyib. Bununla bağlı rəsmi bir mənbə yoxdur".

Ekspert hesab edir ki, əgər gömrük rüsumunu 150 dollara endirsələr, o zaman xaricdən edilən alış-verişin həcmində 30% azalma baş verəcək:
 


"Çünki insanlar alış-veriş edərkən 150 dollar limitini asan şəkildə keçirlər, hətta 300 dollara yaxınlaşırlar. Ümumi olaraq xarici saytlardan alış-veriş həcmi aşağı düşəcək. Bu hansısa formada bəlkə yerli satıcıların daha çox alver etməsinə səbəb olacaq, amma istehlakçıların ümumi alıcılıq qabiliyyəti aşağı düşəcək”. 

Marketoloq hazırda vətəndaşlarının xarici saytlara üz tutmasının səbəblərini açıqlayıb:

"Arada böyük qiymət fərqi var. Azərbaycanla müqayisədə bu qiymət açıq görünür. 300 dollar limitində insanlar bu gün geyim kimi təlabatlarını xaricdən təmin edə bilirlər. 150 dollar limitinə keçilsə, xaricdən olan alış-veriş dövriyyəsinə ciddi təsir edəcək. Bu şaiyədir, hələ ki, bir rəsmi açıqlama yoxdur”.

Ekspert hesab edir ki, limitin azaldılması məsələsini müzakirə etməyə ehtiyac yoxdur:

"Onsuz da limit 1000 dollardan 300 dollara salınıb, bundan da aşağı salınacağına inanmıram”.

Qeyd edək ki, bəzi ekspertlət bu məsələdə Özbəkstan və s. kimi modelin tətbiq edilməsini təklif edirlər. Onlar gömrük rüsumunun aylıq deyil, illik qoyulmasının tərafdarı olduqlarını  qabardır. Çünki vətəndaş elə ay olur ki, həmin saytlardan ehtiyacı olmadığı səbəbindən alış-veriş  etmir, nəticədə aylıq limiti istifadəsiz qalır. 

Bahar Rüstəmli