Dünya 17:42 10.12.2023

Gürcü spiker prezidentə xəbərdarlıq etdi: "Pandoranın qutusu"nu açma!"

"Gürcüstan prezidenti Salome Zurabişvili xaricə getsə konstitusiyanı kobud şəkildə pozacaq".

Qaynarinfo Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Şalva Papuaşvili deyib.

O, dövlət başçısının hökumətlə razılaşdırılmadan Çexiyaya səfər etmək planlarına belə reaksiya verib.

"Zurabişvili Gürcüstan xalqının iradəsini pozur, bu, gürcü xalqına birbaşa hörmətsizlikdir, dövlət sistemini ayaqlar altına atmaqdır və onun Çexiyaya səfəri baş tutsa, utancverici hərəkət olacaq. Ona "Pandoranın qutusu"nu açmamağı məsləhət görərdim. Çünki bu qutunu açsa, konstitusiyanın pozulmasını başqalarına göstərmək hüququnu itirəcək", deyə Papuaşvili bildirib.

O əlavə edib ki, Zurabişvili Gürcüstan dövlətçiliyinə birbaşa zərbə vurmaq riski daşıyır. Papuaşvili vurğulayıb ki, Gürcüstan prezidenti eks-dövlət başçısı Mixail Saakaşvilinin həbsdən azad edilməsinə nail olmağa çalışır.

"Zurabişvili konstitusiya pozuntusunun aşkar olmasına baxmayaraq, impiçment prosesini pozan Vahid Milli Hərəkat (Saakaşvilinin yaratdığı müxalifət partiyası) sayəsində öz mövqeyini qoruyub", deyə Gürcüstan parlamentinin spikeri fikrini yekunlaşdırıb.

Aydın