Dünya 18:20 10.03.2023

“Gürcüstanda ciddi böhran yaranıb və...” - Gürcü politoloqun şərhi

"Xarici agentlər haqqında” qanunun qəbuluna çalışan Gürcüstan hökuməti ölkədə baş verən etirazlar nəticəsində geri çəkilməyə məcbur oldu.  Nəticədə "Gürcü arzusu” hökuməti qanunu qəbul  etməkdən vaz keçdi. Buna baxmayaraq, etiraz aksiyası səngimək bilmir. Hakimiyyətin geri addım atmasından sonra Gürcüstan parlamentinin binası qarşısında toplaşan etirazçılar indi də hökumətin istefasını tələb etməyə başlayıb. Aksiya iştirakçıları növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb ediblər. Etirazçılar bildiriblər ki, bu hakimiyyət Gürcüstanı Avropa istiqamətində apara bilmir. 

Gürcüstan iqtidarı niyə geri addım atdı və bundan sonra ölkədə vəziyyət necə cərəyan edəcək? 
 
Gürcü politoloq Gia Xuxaşvili Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölkədə ciddi böhran yarandı və bu əsasda da iqtidar geri çəkilməyə məcbur oldu: "Hakimiyyətin bu məsələdə geri çəkilməsinə Qərbdəki müttəfiqlər və daxildən edilən ciddi təzyiqlərin də təsiri oldu. Xüsusən də Qərbdən   edilən təzyiq daha güclü idi. Gənclər, tələbələr ciddi müqavimət göstərdi. Bütün bunların nəticəsində iqtidar etirazçılara qarşı kəskin addımlar atmaqdan çəkindi”. 

Həmsöhbətimizə görə, iqtidarın geri addım atması onun zəifliyinin göstəricisidir:"Bunda sonra proseslərin necə cərəyan edəcəyini söyləmək çətindir. Əsas odur ki, böhran sovuşdu və arxada qaldı. Eyni zamanda, geri çəkilməklə hakimiyyət zəifliyini nümayiş etdirdi. Düşünmürəm ki, iqtidar bir daha həmin layihəni gündəmə gətirməyə cəhd etsin. Yaxın zamanlarda siyasi cəhətdən bu məsələyə yenidən bir daha qayıtmaq mümkün olmayacaq”. 

Rüfət Sultan