Dünya 14:51 04.06.2023

Hakan Fidan Türkiyə tarixinə düşdü - MİT-dən XİN-ə transfer

Hakan Fidan Türkiyə tarixinə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsindən xarici işlər naziri təyin edilən ilk məmur kimi düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Cümhuriyyət” qəzeti yazıb

Ərdoğan şənbə günü yeni nazirlər kabinetinin siyahısını açıqlayıb və Hakan Fidan xarici işlər naziri təyin edilib.

"Ərdoğanın yeni kabinetinin ən diqqətçəkən təyinatlarından biri 13 il Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsində çalışmış Hakan Fidanın xarici işlər naziri təyin edilməsi oldu. Hakan Fidan MİT rəisliyindən ölkə diplomatiyasının rəhbərliyinə gətirilən ilk məmur kimi tarixə düşdü. Ehtimal olunur ki, Ərdoğan MİT-i fəal rol oynayan bir təşkilata çevirdiyinə və Liviyadan Suriyaya, Ukraynadan Qafqaza qədər bütün regional proseslərdə fəal iştirakına görə mükafat olaraq onu posta təyin edib".

Fidan Merilend Universitetində (ABŞ) İdarəetmə və Siyasi Elmlər üzrə magistr dərəcəsini bitirdikdən sonra Bilkənd Universitetində doktorluq dərəcəsi alıb. 1986-2001-ci illərdə Türkiyə ordusunda kiçik zabit rütbəsində xidmət edib. 2003-2007-ci illərdə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri olub. 2007-ci ilin noyabrında Baş nazirlik müşavirinin müavini təyin edilib. Hakan Fiodan 2010-cu ildən Türkiyə kəşfiyyatına rəhbərlik edirdi. Onun beynəlxalq təhlükəsizlik, beynəlxalq inkişaf və Türkiyə xarici siyasəti ilə bağlı elmi məqalələri var.

Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu idi.

Aydın