İdman 12:10 01.07.2022

Hakimlikdən tikinti sektoruna gedən yol - Mübariz Haşımovla söhbət

Azərbaycan futboluna yaxından bələd olanlar Mübariz Haşımovu yaxşı tanıyar. Ölkənin təcrübəli yan hakimlərindən olmuş, bir çox beynəlxalq səviyyəli matçlarda iştirak etmiş Haşımov artıq iki ildir ki, futboldan və hakimlikdən uzaqlaşıb. Tamam fərqli sahədə fəaliyyət göstərən sabiq referi ilə söhbətin maraqlı olacağını düşündük. 

O, Qaynarinfo-ya müsahibəsində həm karyerasını vərəqlədi, həm də hakimlikdən sonrakı məşğuliyyəti haqda danışdı. Söhbətimizin başlanğıcında son vaxtlar futbolla və hakimliklə maraqlanmadığını deyən beynəlxalq dərəcəli sabiq hakim maraqlı alınan müsahibəmizdə başqa bir istedada malik olduğunu da göstərdi…

"İki ildir hakimlikdən getmişəm. Bu müddət ərzində bir dənə də olsun canlı oyunu televiziya və ya canlı şəkildə sona qədər izləməmişəm. Ümumiyyətlə, hakimliyin hansı səviyyədə olub-olmamasından məlumatım yoxdur, maraqlanmıram. Bütün fikrimi, gücümü, enerjimi tam başqa sahəyə yönəltmişəm”.

- Belə başa düşdüm ki, futboldan incik şəkildə uzaqlaşmısınız…

- Xeyr, sadəcə, hakimlikdən gediş səbəbini izah etmişdim. Məni tanıyanlar bilir ki, karyeramı zədə ilə əlaqədar bitirmişəm. Kiminsə adını çəkmək, ünvanına xoşagəlməz ittihamlar səsləndirmək istəməzdim. Zədəmlə əlaqədar getdim.

- Futboldan, hakimlikdən gedəndən sonra bu sahə ilə maraqlanmamağınızın xüsusi səbəbi varmı? Həvəsiniz yoxdur, ya necə?

- Arada izləyirəm. Deyim ki, tam olaraq futboldan qopmuşam, belə deyil. Hər hansı yerli və ya xarici oyundan fraqmentlər izləyə bilərəm. Futboldan gedəndən sonra indiyəcən hər hansı oyunu araşdırma məqsədi ilə izləməmişəm. Necə deyim, həm vaxt olmur, həm də ki…(fikirləşir), açığı, içimdən gəlmir.

- Yəni, həvəsiniz ölüb...

- Həvəs deməzdim. Bir xasiyyətim var ki, diqqətimi olduğum sahəyə yönəldirəm.
 


- Sirr deyilsə, hazırda hansı sahədəsiniz? Hakimlikdən gedəndən sonra nə ilə məşğul olursunuz?

- Hakimlikdən ayrılandan sonra AFFA-dan gənc hakimlərin yetişdirilməsi, təhsili ilə bağlı təkliflər gəldi. Şəxsən Fritz Ştuxlik tərəfindən mənə uşaq liqalarına təyinat və gənc hakimlərə dərs demək (metodiki və nəzəri) vəzifəsi təklif olunmuşdu. Komitə üzvlərindən Anar Salmanov çalışırdı ki, məni cəlb etsin. Hakimlərə metodiki, nəzəri qaydaları öyrətməyimi istəyirdilər. Bilirsiniz ki, orada qardaşım Ceyhun Haşımov, Anar Salmanov, Ömər Paşayev kimi müəllimlər var. Onlar hazırda gənc hakimlərlə işləyirlər. Ancaq gözəl şəkildə bu təkliflərdən imtina etdim. Tikinti şirkətində rəhbər vəzifəsinə təyin olunmuşam. Vaxt məhdudiyyəti və işlərimin çoxluğu ilə əlaqədar təkliflərdən imtina etdim. Keçmiş hakim yoldaşlarım, komitə üzvləri məəni diqqətdə saxladı. Fikrimdən döndərməyə çalışdılar. Bu gün də bütün hakim kollektivi ilə əlaqələrim, ünsiyyətimiz var. O demək deyil ki, "salaməleykim” bitdi. Sadəcə, alınmadı, iki hissəyə bölünə bilmirəm. 

- Hazırkı işiniz nədən ibarətdir? Binalar tikirsiniz?

- Xeyr, bina tikmirik. Sadəcə, müasir binaların, villaların üzlüklərini daşlarla və müxtəlif materiallarla üzləyib, izolyasiya edirik. Hazırda ərazidəyəm, yəqin ki, tikinti səsləri eşidirsiniz. Müasir formada üzləyib, izolyasiya edirik.

- Futboldan tam fərqli sahədir. Bəs necə oldu tikinti sahəsinə maraq göstərdiniz? Bununla bağlı hər hansı ixtisasınız var?

- Şirkətin təsisçisi mənim tanışımdır. Müxtəlif ikinti şirkətlərində çalışıb. Həm fasad üzrə mütəxəssisdir, həm də fəhləlikdən ta usta səviyyəsinə qədər yüksəlib. Tikinti şirkəti açmaq qərarına gəldi və yaxın, intellektual, ona kömək edə biləcək insan axtarırdı. Mənə təklif edəndə bilirdi ki, zədəmlə əlaqədar futboldan gedirəm. Açığı başlanğıcda israr etdim ki, bu sahə mənlik deyil. Mənim üçün yad bir sahə idi. Sonradan dilə tutdu, izah etdi ki, hər hansı tikintiyə məsul şəxs olmayacağam. Mənə maliyyə, hüquqi işlər üzrə köməkçilər ayrıldı. Sənədlərlə bağlı işlər tapşırıdı, möhür verildi. Hər hansı tikintiyə nəzarət etmək hüququm var. Müştərilərlə birbaşa danışmaq, işlərin təklifi, təqdimat məsələlərinə də baxıram. Bəzi məsələlərdə cəbr və həndəsə rol oynayır. Azdan-çoxdan biliyim var. Müşərilərlə ünsiyyət qurmaq, onları inandırmaq qabiliyyətim var. 8 il müəllim kimi gənc hakimlərlə işləmişəm. Publika qarşısında çıxış etmək qabiliyyəti varsa, insan kiminləsə danışmaq, ünsiyyət qurmaq bacarığına malik olmalıdır.  Həm də biz Avropa meydanlarında 50-60 min azarkeş görmüşəm. Şükürlər olsun Allaha, həyat bizi bişirib. Yenə də şirkətə gəlib sıfırdan başlamadım. Müəyyən təcrübə keçdim. Tikinti sahələrində oldum. İşin texniki tərəfləri mənə detallı şəkildə izah edildi. Ölçülər düz aparılmalı, işin səliqəli aparılması tələb olunmalıdır.

- Yəqin ki, buradakı qazancınız, AFFA-da sizə təklif olunacaq maaşdan daha yüksəkdir.

- Açığı müqayisə etmək istəməzdim. Bir ilin şirkətidir. Keçən il mart ayında şirkət rəsmiləşdi. Şükür olsun Allaha, işlərimiz yaxşıdır, narazılıq etmirəm. O demək deyil ki, şirkət qurulan kimi havadan pul yağmağa başlayacaq. Belə deyək, əvvəlcə sən iş üçün işləyirsən, sonra iş sənin üçün "işləyir”. Bəzi, tamamlanmaq üzrə olan işlərimiz var. Hansı ki, satış olacaq, qazanc görünəcək. Hazırda aylıq qazancımız var, hələ aramızda tam bölgü olmayıb. Yəqin ki, işlər tamamlanandan sonra qazancımız məlum olacaq.

- Sifarişləriniz çox olur? Ümumiyyətlə tikinti gəlirli sahədir?

- Tikinti sektoru, bu gün ən çox tələb edilən sahələrdəndir. Daim tələbat var. İşini peşəkar səviyyədə yerinə yetirirsənsə, sənə müraciət olunacaq. Əməyindən istifadə ediləcək. İşlərimizi yaxşı görməliyik ki, etimad göstərsinlər. Böyük işlərimiz, planlarımız var. Sifarişlərə gəlincə, bir işi götürürük və onu 5-6 ay davam etdiririk. 5 il davam edəcək işlər də var. Tutaq ki, 1000 kvadratmetrlik villalarda 6 işçi ilə işə sıfırdan başlansa bunu tez başa vurmaq mümkün deyil. Çünki bunun altyapı konstruksiyası, izolyasiyası, keramoqranit daşların qurulması üçün ayrım profillərin divara vurulması, bərkidilməsi var. Bu ölçülər tələblərə uyğun yerinə yetirilməlidir. Bunlar hamısı prosesin texniki tərəfləridir. Yapışqanın quruma müddəti 15 gündür. Belədə sən onun 13-14 günə qurumasını "tələb edə” bilməzsən. Bir villanın fasadı 5-6 aya bitə bilər.
 
 

- Bəs hakimlik, futbol üçün darıxırsınızmı?

- Bir az çətin sualdır. Necə deyim, 15 il hakimlik etdim. 11 il isə beynəlxalq dərəcəli hakim olmuşam. Premyer Liqada 200-ə, byenəlxalq görüşlərdə 80-ə yaxın oyun idarə etmişəm. Kifayət qədər oyun sayı var. Əlbəttə, birdən-birə qopmaq çətin oldu. Ancaq, bir məsələ var. Bir addımı qətiyyətlə atmısansa, peşman olmamalısan. Gedəndə də elə getmək lazımdır ki, peşmanlıq, uduzmaq hissi olmasın. Mən də qətiyyətli addım atdım. Qərarıma görə peşman deyiləm. Darıxmaq deməzdim, haradasa müəyyən səfərlərimiz, oyunlarımız, irili-xırdalı oyunlarımız, səhvlərimiz yadıma düşür. Heyifsilənmək bilirsiniz necədir? Heyifsilənirsənsə hazırkı işinə də xələl gətirmiş olursan. İşimi atandan sonra daha pis vəziyyətə düşsəydim, daha maraqlı sahəyə keçməsəydim peşmanlıq hissi keçirərdim. Hakimlikdə işinə elə köklənirsən ki, sanki potensialın bundan ibarətdir. Başqa sahəyə baş vuranda isə özündə bilmədiyin potensiallar aşkar edirsən. Həmişə adım kimi mübariz olmuşam. Çalışmışam ki, olduğum sahədə peşəkarlıq göstərim. Yerdə qalan bir il ərzində tikinti sahəsində elə irəliləyişlər etmişəm ki, heç özüm də buna inanmazdım. Düzdür şirkətin təsisçisi də mənə dəstək oldu. Başqa ampluada da faydalı ola biləcəyimi gördüm.

- Premyer Liqada hakimlik etdiyiniz müddətdə işinizə yetərincə qiymət verilirdi?

- Qonorarlarımız yaxşı idi. Sonradan ölkədə infilyasiya getdi. Manatın məzənnəsi aşağı düşdü, qiymətlər qalxdı. Bu zaman təsir etdi. Yetəri qədər oyun sayın olarsa, dolanışıq üçün ayda normal məbləğ qazanırdıq.Əvvəl oyuna getməyəndə qonorar almırdın. İndi hakimlərlə müqavilə bağlanır, maaş verilir. Bu hakimlərin işinə peşəkar yanaşması üçün böyük addımdır. Belə deyim, əvvəlki 500 manatla indiki arasında böyük fərq var. Diqqət məsələsinə gəlincə, təlim-məşq toplanışlarına aparılırdıq. 

- Bəs yüksləmək baxımından niyə irəliləyiş olmadı?

- Yan hakimlər üçün kateqoriya yoxdur. Sadəcə, oyunlara təyinat alan hakim öz briqadasına daxil olan köməkçiləri də aparır. Yan hakimlərin təyinat alacağı oyunlar baş hakimin kateqoriyasından asılıdır. Köməkçi olaraq iki dəfə tək şəkildə final mərhələsində oyun idarə etmişəm. 17 və 19 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatına təyinat almışam. Çempionlar Liqasının təsnifat, Avroliqanın qrup mərhələsində oyunlar idarə etmişik. O cümlədən dünya çempionatının oyunlarına getmişik. Yığma səviyyəsində də oyunlar idarə etmişik. İrəliləyişə gəlincə, bilirsinz ki, hazırda Azərbaycan hakimləri arasında birinci kateqoriyada olan Əliyar Ağayevdir. O da kateqoriyanın imkan verdiyi qədər oyunlara təyinat alır. Biri də var elit kateqoriya. Yəni, Çempionlar Liqasının və Avroliqanın qrup mərhələsinə təyinat ala bilmir. Əliyarın hazırda 35 yaşı var. Yəqin ki, qarşıdakı illərdə elit kateqoriyaya və oyunlara da təyinat alar. 

- Əliyardan danışdıq. Ən üzdə olan hakimimiz son illərdə oyunlara tez-tez təyinat almır. Bunun səbəbi nə ola bilər sizcə? Bəlkə qarşısını kəsmək istəyənlər var?

- Çempionatın səviyyəsi bir qədər qalxsa, komandaların avrokuboklarda iştirakı bəlkə də təsir göstərə bilər. Düzdür, istisna hal kimi hansısa cırtdan ölkələrdən hakimlər dəvət ala bilər. O, da Avropanın mərkəzi olan ölkələrdə. Azərbaycan Avropanın mərkəzindən uzaqdır. Reytinq də təsirini göstərə bilər. Səhvsiz adam olmur. Əliyarın daha yüksəklərə getmək potensialı var. Mən onunla bir neçə dəfə oyunlarda olmuşam. Yüksək səviyyədəidarə etdiyi oyunların şahidi olmuşam. Ola bilər hansısa səhvləri olub. Amma bu, o demək deyil ki, zəifdir. Bir səhv hakimin üzərindən xətt çəkmir.

- Yəqin ki, Fritzlə yolların ayrıldığını bildiniz. Bu xəbəri necə qarşıladınız?

- İnsandı, müqaviləsi başa çatdı, çıxdı getdi. Bilmirəm gedib, yoxsa göndəriblər. Ya uzatmayıblar, ya da razı qalmayıblar. Nə deyə bilərəm?

- Onun rəhbərliyi altında 2 il çalışmısınız. Necə düşünürsünüz, Fritzin Azərbaycan hakimliyinə hansısa faydaları oldu? Hansı müsbət və ya mənfi hallar müşahidə etdiniz?

- Necə deyim sizə? Son dönəmlərdəki idarəçilikdən məlumatsızam. Oyunlara baxmamışam, hakimlərlə individual olaraq maraqlanbmamışam. Ona görə də onun getdiyi və gəldiyi vəziyyəti müqayisə edə bilmərəm. Yeganə müsbət xəbər o oldu ki, hakimlərlə müqavilə bağlandı. Hakimlərin peşəkar olması üçün, onlarla müqavilə bağlanmalıdır.

- Yenə də ciddi mənada irəliləyiş görünmədi. Onun dönəmində şikayətlər əvvəlki illərdə olmadığı qədər oldu…

- Bilmirəm şikayətlər haqlı olub ya yox. Bu haqda məlumat verə bilmərəm. Həm də adam çıxıb gedib, onun arxasınca danışmaq düzgün deyil. Nələrsə bilsəm belə, danışmaq istəmərəm.

 
 
 
 
- Bildiyim qədər ədəbiyyatla yaxından maraqlanırsınız, hətta şeir də yazırsınız…

- Uşaqlıqdan şeiriyyatla aram yaxşıdır. Hazırda da oxuduğum o qədər şeirlər var ki. Hərdən həvəskar şəkildə yazıram. "Yazmaq” sözü şairlərin yanında bir qədər yaxşı çıxmır. Amma ki, hərdən görürsən ki, müəyyən hadisə və mövzu məni ilhamlandırır. Bu da qələm-dəftərdə özünü göstərir.

- Təxminən neçə şeir yazmısınız?

- 20 olar. İkinci sinifdə oxuyanda qəzetdə şeirim çıxmışdı. Təbiətin oyanması, çiçəklərin açması, yaz fəsli ilə əlaqədar şeir idi. Onu sadəcə, atama göstərmişdim. Həmin şeir mənim imzamla məktəbin adından dərc olunmuşdu. Ondan sonra ağlımda qaldı. Hecalar və yaxud bəndlər haqqında məlumatım vardı. Bilirdim ki, hecaların sayı yerinə oturmalıdır. 

- Digər şeirləriniz hansı janrdadır?

- Buzovna qayalıqlarının azad olunmasına şeir həsr etmişdim. Nankor insanlar barəsində də yazmışam. Həyatdan götürülmüş məqamlara aid şeirlərdir.

- Bəs sevgi şeiri yoxdur?

- Sevgi… Yox, bu mövzuda yazmamışam. 

- Niyə? Sevməmisiniz, ya marağınız olmayıb?

- Xeyr, əlbəttə sevmişəm. Sadəcə, bu haqda yazmağa marağım olmayıb. O barədə şeir yazmağa üstünlük verməmişəm.

- Şeirlərinizi toplayıb kitab çap etdirmək fikriniz olubmu?

- Xeyr, hər hansı kitab çıxarmaq fikrim olmayıb. Bəlkə də gələcəkdə olar. Sadəcə, özüm üçün yığıram bir yerə, övladlarım da oxuyur. Məsələn, işğal barəsində uzun şeir yazmışdım. Oxumağı yenicə öyrənən uşaq babasına haradasa divardan oxuduğu "Qarabağ” və "işğal” sözü haqda sual verir. Baba çox təsirlənir, çünki qaçqınlıq yaşayıblar. Bu suala cavab vermək babaya ağır gəlir. Çünki qaçqınlıq zamanı babası ayağını itirib. Nəvənin israrından sonra baba onun sualına cavab verir. Haradasa 10 bənddən ibarət şeirdi. Şeirin kuliminasiya nöqtəsi də budur.

- O bənd yadınızda qalıb?

- Əlbəttə, təxminən belədir.

Ağaclara bağlanan
Kürəyindən dağ qazan
Od vurub yandırılan
Göz bəbəyi oyulan
Üz dərisi soyulan
Körpələrdən don vuran
Sussun deyə boğulan
Sağ qalanlar pusulan
Ayağından vurulan
Nəvəsini qoruyan
Bir babadan sorulan
İşğal budur bala can

- Şeirlərinizin içində ən çox fərqləndirmək istədiyiniz hansıdır?

- Eləsi var heç oxunulmayıb. Şeiri yazan kimi dərhal üzə çıxarmıram. Bir müddət onun üstündə işləyirəm. Müəyən vaxtdan sonra yadıma nəsə düşür, korrektə edirəm. 

- Oxunulmayan şeirlərinizdən bir bənd deyə bilərsiniz?

- Gəl mənə keçmişdən tarixdən danış
İzləri pozulmuş yadıma gəlmir
Ləpədən döyülmüş sahildən danış
Çəpərlə hörülmüş, ağlıma gəlmir

Qərinə, min illlər görmüş qayalar
Kəsilmiş qolları geriyə gəlmir
Üstündə imarət hündür binalar
Oyulmuş gözləri bəriyə gəlmir…

- Ümumiyyətlə, futboldan, idmandan başqa ixtisasınız var?

- Xeyr, ancaq futboldur. Ancaq xarici dil kurslarını bitirmişəm. İngilis dili bizim üçün vacib idi. Beynəlxalq oyunlarda gedən bir hakim kimi bu dili öyrənmək məcburiyyətindəydim. Boş vaxtlarımda isə alman və ispan dilini öyrənirdim. Bu biliyimi də müəyyən səviyyəyə gətirib çıxardım. Ən yaxşı bildiyim ingilis dilidir. Ərəb-fars dilinin qramatikasını bilirəm. Yazmağı-oxumağı bacarıram. Amma, məsələn hansısa kitabı tam olaraq tərcümə etmək mənim üçün çətindir. Bu sahədə bir qədər inkişaf etməliyəm.

Səbuhi Həsənov