Hüseynbala Səlimov
Dünya 11:07 06.03.2023

Hara istiqamət götürürsən, Gürcüstan?..

Bilirsinizmi, əsl istiqlalçıların və yaxud da ki, demokratların qeyrilərindən fərqi nədədir? Ondadır ki, birincilər bütün şəraitlərdə istiqlalçı və demokrat olaraq qalırlar. Əks düşərgə haqqında isə bunu demək olmur – onlar külək kimi, hara lazımdırsa, ora da əsirlər...

Bu baxımdan Gürcüstanda "Gürcü arzusu” koalisiyası hakimiyyətə gələndə hamı onların tez bir zamanda Rusiya ilə çox sıcaq münasibətlər quracağını düşünürdü. Amma belə olmadı – oliqarx Bidzina və komandası demək olar ki, uzun müddət özündən əvvəlki Mixeil Saakaşvili hakimiyyətinin xarici siyasət kursuna elə bir korrektə etmədi. 

Odur ki, belə təsəvvür yarandı, bu hakimiyyət də qərbçi və demokratdır. Bəli, bütün bu illər ərzində "Gürcü arzusu” hakimiyyəti NATO ilə o qədər yaxınlaşdı ki, ona Alyansın qeyri-formal üzvü dedilər. 

Eyni sözü Avropa İttifaqı haqqında da demək olar, baxmayaraq ki, Avropa Moldova və Ukraynadan fərqli olaraq, Gürcüstana "namizəd – dövlət” statusu vermədi və Tiflis qarşısında bir xeyli şərt qoydu.

Amma bizə elə gəlir ki, bu vəziyyət – Avropanın diqqətsizliyi "Gürcü arzusu” koalisiyasını elə də pəjmürdə etmədi. Güman ki, gürcü hakimiyyəti indiki vaxtda Rusiyanın "qara siyahı”sına düşmək istəməzdi. Axı Rusiya-Ukrayna müharibəsi başlayan kimi Gürcüstan geri çəkildi və hətta bəyan etdi ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Təsəvvür edin, iş o yerə çatıb ki, Qərb Gürcüstandan indi ciddi seçim etməyi tələb edir. 

Bəs Tiflis buna nə cavab verir? Burada çox mətləblər var, amma biz yalnız birinin üstündə dayanacağıq. Gürcüstan parlamenti bu günlərdə xüsusi qanun layihəsini müzakirə edəcəyini bəyan edib. Söhbət ölkədəki QHT-lərin "xarici agent” kimi qeydiyyatdan keçməsindən gedir. Qeyd edək ki, belə bir qanun Rusiyada çoxdan qüvvədədir. Belə görünür ki, gürcü hakimiyyəti Qərbdən öyrənməyin faydasızlığını başa düşüb və üz tutub Moskvanın təcrübəsinə...

Amma siyasi müşahidəçilər bunu bir başqa yöndən yozurlar. Bir qismi deyir ki, Tiflis bununla Qərbə, xüsusən də Avropa İttifaqına təzyiq etməyə çalışır. Burada müəyyən məntiq var. Bu xəbər siyasi dövriyyəyə düşəndən Avropa institutları yaman əl-ayağa düşüblər.

Digər siyasi müşahidəçilər və təhlilçilər isə ərz edirlər ki, guya yeni qanun layihəsilə gürcü hakimiyyəti diqqəti eks-prezident Mixeil Saakaşvilidən uzaqlaşdırmağa cəhd edirlər. Bəli, Saakaşvilinin vəziyyəti həqiqətən də ağırdır. Bu məsələ ilə bağlı bir çox dövlətlər və təşkilatlar ciddi iş aparırlar. Ən çox fəallıq edənlərdən biri isə Kiyevdir. "Rəsmi Tiflis bilərəkdən bizim vətəndaşımızı öldürür” – Ukraynanın son bəyanatlarından biri bu sözlərlə bitirdi. Bu sözlər onu deməyə əsas verir ki, artıq əvvəlki GUAM da yoxdur. Son vaxtlar Rusiya-Moldova münasibətlərinin gərginləşməsi belə təxmin etməyə əsas verirdi ki, GUAM bir təşkilat kimi təzədən dirçələcək. Amma belə olmadı, hazırda yalnız iki dövlət – Ukrayna və Moldova siyasi ardıcıllıq nümayiş etdirir. Ruslar isə Ukraynaya qarşı müharibə apardıqları vaxt Moldovaya qarşı da siyasi savaş açıblar – Rusiyanın bu ölkədəki "beşinci kolonu” artıq siyasi etirazlara start verib.

Bəs vəziyyət necə olacaq? Gürcüstan parlamenti adı çəkilən qanun layihəsini qəbul edəcəkmi? Doğrusu, dəqiq bilmirik. Bildiyimiz budur ki, Tiflis Rusiyadan qorxur. Amma çox təəssüf ki, bu qorxudan savayı da qorxu var Gürcüstanın canında. O da budur ki, "Gürcü arzusu” koalisiyası həm də hakimiyyəti itirməkdən qorxur. Məhz bu qorxunun nəticəsidir ki, onlar Saakaşvililə belə sərt davranır, axır vaxtlar Kremlin qarşısında quyruq bulayırlar...

Odur ki, biz proseslərin hara istiqamət götürəcəyini dəqiq bilmirik. Ona görə də burada bir detalı qeyd etmək istərdik. Belə bir gürcü yazıçısı-klassiki olub –İlya Çavçavadze. Vaxtilə gürcü kilsəsi onu müqəddəs elan etmişdi. Bu yazıçının məşhur bir kəlamı var: "Sən tüpürülməyə layiqsən, mənim Gürcüstanım!..”
 
Hüseynbala Səlimov