Dünya 15:28 09.03.2023

HDP-nin dəstəyini qazanan CHP-yə millətçilər səs verəcəkmi? - Politoloq

"Altılı masa”nın Kamal Kılıçdaroğlunun namizədliyi üzərində dayanması Türkiyədəki seçki rəqabətinin yenidən ənənəvi olaraq mərkəz-sağ və mərkəz-sol müstəvisinə daşınmasına gətirib çıxarıb”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyədə əsasən kürdlərdən ibarət siyasi təşkilat olan HDP-nin də "altılı masa”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləməsi fonunda sağçı və millətçi qüvvələrin hansı mövqe sərgiləyəcəyi sualına cavabında deyib.



"Mərkəz-sağ və mərkəz-sol mübarizəsi keçən əsrin 50-ci illərindən başlayaraq ənənəvi olaraq Türkiyədəki seçki sistemində hər zaman əhəmiyyətli rol oynayıb. İndiki halda da prosesin həmin müstəviyə daşınması maraqlı məqamların ortaya çıxmasına səbəb olacaq. CHP liderinin HDP və ümumiyyətlə Türkiyədə yaşayan digər bu kimi qruplaşmalar, siyasi güclər tərəfindən dəstəklənəcəyi əvvəlcədən bəlli olan məsələ idi. Burada yaşayan aktiv erməni icmaları da Kılıçdaroğlunun namizədliyinin dəstəklənməsini alqışlayırlar. Burada yaşayan ermənilər  Kılıçdaroğlunun qalib gəlməsilə Türkiyənin Azərbaycanla münasibətləri baxımından Ermənistan tərəfə kiçik də olsa dönüş edəcəyinə ümid etdiklərini açıq şəkildə bildirirlər”, deyə Vüqar Zifəroğlu bildirib. 

Bu mənada həmsöhbətimizə görə, HDP, erməni məsələsi, əlavə olaraq rəqabətin sağ-mərkəz və sol-mərkəz müstəvisinə daşınması əslində sağ düşərgənin ciddi və konkret seçim etməsinə təkan verəcək:

"Düşünmürəm ki, ənənəvi sağ seçici hətta müəyyən narazılıq olsa da, əks istiqamətə seçim etsin”. 

Ekspert düşünür ki, hər şey bundan sonra atılacaq addımlardan asılıdır:

"AKP-MHP koalisiyası məsələsinə də diqqət etmək lazım gələcək. Eyni zamanda, AKP-nin sağ düşərgədə nüfuz yiyəsi olan liderləri və gücləri öz ətrafında nə dərəcədə cəmləşdirə bilməsi burada öz sözünü deyə bilər. Hər halda, yaxın bir ay ərzində Türkiyədə maraqlı gedişlərin şahidi olacağıq”.
 
Rüfət Sultan