Ölkə 19:16 17.01.2023

Həbs olunmaq üçün oğurluq etdi, məhkəmədən daha çox cəza verilməsini istədi

Bakıda narkotik istifadəçisi həbs olunmaq üçün oğurluq edib. 

Qaynarinfo-nun məlumatına görə, 1970-ci il tarixdə Masallı rayonu, Sərçuvar kəndində anadan olan Elsəvər (ad şərti) Nizami rayonunda Elman Şəfaqətov adlı şəxsin avtomobilindən maqnitafon oğurlayıb və 40 manata başqa şəxsə satıb.

Polis tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılan Elsəvər bildirib ki, əməlindən səmimi peşmandır, həmin əməli törədərkən içkili vəziyyətdə olub: "Əgər bilsəydim ki, zərərçəkmiş şəxs Qarabağ əlilidir, heç vaxt bu əməli törətməzdim. Ondan üzr istəyirəm".

Elsəvər məhkəmədən barəsində 20 gündən çox həbs cəzası kəsilməsini xahiş edib. O, narkotik qəbul etdiyini və müalicə olunmaq üçün imkanının olmadığını bildirib. Qeyd edib ki, həbsdə olarsa, narkotikdən istifadə etməz.

Məhkəmənin qərarı ilə Elsəvər İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunub.

Əhməd