Azər Rəşidoğlu
Dünya 16:10 21.04.2022

Heç vaxt yanılmamış Fridmanın proqnozu: Rusiya 2025-ə qədər parçalanacaq... (TƏHLİL)

"Ukrayna böhranı” dərinləşdikcə bir çox ölkələrin də münaqişəyə cəlb olunmaq ehtimalı artır. Bəzi ekspertlər Rusiya-Ukrayna qarşıdurmasının açıq müstəvidə NATO-Rusiya müharibəsinə səbəb olacağını ehtimal edirlər. Bu baxımdan, Türkiyənin də prosesə cəlb ediləcəyi ehtimalı az deyil. Türkiyə NATO üzvüdür və ondan mövqe sərgiləmək tələb edilir, Ankara isə hələ manevr edə bilir.

Hazırkı vəziyyət İkinci Dünya müharibəsi zamanını xatırladır. O zamanlar da Ankaradan mövqe tələb edilirdi. Belə ki, həm Almaniya, həm İngiltərə, Fransa, o cümlədən SSRİ Türkiyənin strateji önəmini nəzərə alaraq, öz tərəflərinə çəkmək istəyirdilər. Türkiyə hökuməti isə ölkənin hərbi və iqtisadi zəifliyini yaxşı bildiyindən müharibədə iştirak etmək istəmədi, tərəflərin təkliflərindən öz mənafeyi üçün istifadə etməyə çalışdı.

Bu gün də Ankara eyni siyasətə sadiqliyini nümayiş etdirir. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edir ki, Moskva və Kiyev diplomatik yollarla münaqişənin həllinə nail olmalıdırlar. Bir sözlə, Ankara savaş tərəfi olmaq istəmir. Anlaşılan mövqedir. Belə ki, Türkiyədə iqtisadi böhran dərinləşir. Yeni, böyük bir savaşda iştirak etmək Ankaraya baha başa gələ bilərdi. İctiami rəy də bunu anlaya bilməyəcəkdi - "dili və dini ayrı olan bir ölkə uğrunda türk vətəndaşının rahatlığı niyə qurban verilməldiir” sualı Ərdoğan iqtidarı üçün ciddi problem yarada bilərdi.
 
Ankara ən praqmatik yolu seçib - müharibənin taleyini həll edəcək silahları Ukraynaya satır, həm pul qazanır, həm də Kiyevə əməli yardım edir və ən əsası Rusiya ilə açıq qarşıdurmaya getmir.
 

Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara həm Kiyevlə, həm də Ukrayna tərəfinin öz təhlükəsizliyinin təminatçısı kimi görmək istədiyi digər ölkələrlə fəal əlaqə saxlayır: "Ukrayna NATO Nizamnaməsinin 5-ci maddəsi kimi təhlükəsizlik təminatı almağa çalışır”. 

M. Çavuşoğlu vurğulayıb ki, bu gün dünya yeni soyuq müharibənin başlanmasına şahidlik edir: "Təhlükəsizliyi təmin etmək onilliklər çəkə bilər, lakin aktiv addımlar lazımdır. Türkiyə bu məsələdə öncül olmağa çalışır”.  

Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsində digər məsələlərlə yanaşı o da vurğulanır ki, "Avropa və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə silahlı hücum bütövlükdə onlara qarşı hücum kimi qiymətləndiriləcək”. 
 
Mövlud Çavuşoğlu "CNN Türk" telekanalına müsahibəsində deyib ki, "biz Ukraynanın qarantına çevrilməyin əleyhinə deyilik. Amma Ukrayna tərəfi NATO Nizamnaməsinin beşinci bəndindən nümunə götürərək təminat tələb edir. Həm ABŞ, həm də Böyük Britaniya, o cümlədən biz buna qarşıyıq. Prosesin özünü anlamaq lazımdır ki, bu zəmanətlər nədən ibarətdir, tələblər nələr olacaq? Bütün qarant ölkələrin əlavə risklərlə bağlı şərtləri qəbul etməsi lazımdır".

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bəyan etmişdi ki, Ukrayna Rusiya ilə mümkün münaqişə zamanı Şimali Atlantika Alyansının müdafiəsinə arxalanmamalıdır və bu vəziyyətdə təşkilatın Nizamnaməsinin 5-ci maddəsinə istinadlar yersizdir. Onun sözlərinə görə, nizamnamənin yuxarıda qeyd olunan bəndinə əsasən, NATO üzvünə hücum olarsa, müttəfiqlər dərhal onun müdafiəsinə qalxacaqlar. Ukrayna məsələsində isə vəziyyət fərqlidir və Alyans qeyri-müəyyənlikdən qaçmağa çalışır:
 
"Beləliklə, NATO bunu Alyansa daxil olmayan bir ölkə naminə etməyəcəyinə işarə edir. Ukrayna isə belə bir ölkədir. Ona görə də NATO-nun onun qarşısında heç bir öhdəliyi yoxdur”. 

Rusiyanın hərbi müdaxiləsi başlayan ərəfədə Ukrayna prezidenti Volodimi Zelenski bəyan etmişdi ki, Kiyevin təhlükəsizlik zəmanətləri müqabilində NATO-ya daxil olmaq planlarından imtina etməyə hazırdır. Ukrayna qarant olaraq ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsrail kimi dövlətləri görmək istəyir. Kiyevin irəli sürdüyü təklifə görə, Rusiya Ukraynanın Avropa İttifaqına daxil olmasına maneçilik törətməməlidir.

Onu da qeyd edək ki, M.Çavuşoğlunun sözügedən bəyanatı həm Ukrayna məsələsi ilə bağlı, həm də ümumi regional və geosiyasi həqiqətlərlə əlaqəlidir. Rusiya-Türkiyə münasibətləri kontekstində Moskvanın Ankaranı NATO-dan ayırmaq istəyi göz qabağındadır. Həmin beşinci bənd Rusiya üçün Türkiyə ilə münasibətdə ən ciddi problemdir, Ankara isə bundan istifadə edə bilir. Aydın məsələdir ki, gələcəkdə Rusiya-Türkiyə qarşıdurması baş verərsə, NATO birbaşa müdaxilə etməsə də, Türkiyəni tək buraxmayacaq, çünki bu, Rusiyaya qarşı onun missiyasının təməl daşlarından biridir. 
 
Əslində, NATO Nizamnaməsinin beşinci bəndi çoxdan formallığa çevrilib. Artıq bu bəndin önəmi azalıb. Üçüncü Dünya müharibəsi təhlükəsi get-gedə daha çox gerçəyə çevrilir, bəziləri güman edir ki, bu müharibə artıq başlayıb, lakin NATO bəyan edir ki, Alyans Ukrayna ərazisində hərbi münaqişəyə qoşulmayacaq. Bütün bunlar yeni dünya düzəninin formalaşdığının xəbərçisidir. Xatırladaq ki, fevralın 17-də, müharibədən bir qədər öncə, Londonun təşəbbüsü ilə elan edilən Ukrayna, Polşa, Böyük Britaniya ittifaqı elə "yeni NATO” quruculuğunun xəbərçisi sayıla bilərdi. 
 

NATO Rusiya ilə birbaşa münaqişədən çəkinir, Rusiya isə əksinə, buna bəhanə axtarır. Bu gün Ukraynada döyüş meydanında baş verənlər Kreml tərəfindən NATO-ya verilən ultimatumdur. NATO döyüş əməliyyatları və ərazilərin zəbt edilməsini nəzərdə tutan hərbi çağırışa iqtisadi yolla cavab verir. Lakin burada başqa variantlar da mümkündür. Məsələn, Polşanın sülhməramlı missiyası Ukraynanın qərbində yaşayan polyak əhalisinin xahişi ilə bu ərazilərə sülhə yardım məqsədi ilə gələ bilər. 

Nüfuzlu ABŞ analitiki Z.Bjezinski illər öncə Ukraynanın Rusiyadan qoparılmasının Moskavanı supergüc statusundan məhrum edəcəyini yazmışdı. Bu ideya artıq reallaşıb. Z. Bjezinskinin əsas məqsədinin biri hələ də qalır - Rusiyanın sərhədlərində üçtərəfli Ukrayna-Almaniya-Polşa ittifaqının yaradılması. Belə ittifaq öz hərbi gücünə görə praktiki olaraq Rusiya ordusunun gücünə bərabər olardı. Nəticədə Ukrayna üçün daha yaxşı və Rusiya üçün daha pis vəziyyət alınıb. Bu üçlü ittifaqa Almaniyanın yerinə Böyük Britaniya daxil olub. Belə ittifaq daha güclüdür. Rusiya ordusunun sayı 3 milyon 454 min nəfərdir, onların 2 milyonu ehtiyatda olanlardır. Ukrayna silahlı qüvvələrinin sayı 1 milyon 339 min təşkil edir, onlardan təxminən 1 milyonu ehtiyatda olanlar və hərbiləşdirilmiş birləşmələrdir. Polşa ordusunun sayı 160 min üstəgəl bir milyon ehiyatda olanlardır. Böyük Britaniyanın ordusunu 188-225 min hərbçi təşkil edir. Ən əsası odur ki, Britaniya qoşunları Almaniya qoşunlarına nisbətən daha çox döyüş təcrübəsinə malikdir. Məhz ingilislər amerikanlarla birgə son illər İraqda, Əfqanıstanda və Fars körfəzində, demək olar ki, bütün hərbi kampaniyaların əsas zərbə gücü olub. Böyük Britaniya donanması dünyada ən güclülərdəndir və London nüvə silahına malikdir. 

Ukrayna prezidenti müharibədən əvvəl bəyan edib ki, əgər ölkəsi təhlükəsizlik zəmanətlərini almasa, Kiyevin Budapeşt memorandumunun işləməməsini hesab etməyə tam haqqı var və 1994-cü ilin bütün paket həlləri sual altına alınacaq.
 
Bir sözlə, "Ukrayna böhranı” tamamilə yeni dünya düzəninin yaradılmasına gətirib çıxaracaq. Yaxın planda Rusiyanın özünün bir neçə respublikaya parçalanacağı qaçılmaz görünür. Rusiyalı yazar Vladimir Voynoviç yerli mətbuata müsahibəsində deyib ki, Rusiyanı SSRİ-nin taleyi gözləyir. Rusiya SSRİ kimi bir neçə yerə parçalanacaq.
 

Əslində, Rusiyanın parçalanması ehtimalını yalnız Rusiya ziyalıları irəli sürmür. Bir çox məşhur Avropa ekspertləri də Qərb ictimai rəyinə bu fikri çoxdan təlqin edirlər. Məsələn, ABŞ-ın aparıcı beyin mərkəzlərindən sayılan "Strafor" qlobal təhlil və məlumat mərkəzinin icraçı direktoru Corc Fridmanın "Nöbəti 10 il” adlı əsərində Rusiyanın parçalanacağı açıq bəyan edilir. C. Fridman bu proqnozu Putinin 2024-cü ilədək SSRİ bərpa olunacağı ideyasından dərhal sonra səsləndirdi. C. Fridman ciddi beyin mərkəsinin rəhbəridir. Və açıq bəyan edir ki, Putinin bu planının qarşısını almaq üçün də Rusiyanın başını bəlaya soxmaq lazımdır. C. Fridman Ukrayna və Qazaxıstan proseslərini də proqnoz vermişdi. Onun Yaxın Şərqlə bağlı ehtimalları da doğruldu. C. Fridman öz sözünü demir, ABŞ kəşfiyyatı və təhlil mərkəzlərinin mesajını çatdırır - "Rusiya daxilində gərginliyin artacağı gözlənilir və durum Kreml üçün o qədər də ürəkaçan olmayacaq, 2025-ci ilə qədər Rusiya parçalanacaq”.

Azər Rəşidoğlu