Dünya 22:45 08.01.2024

Hərbçilərdən gözlənilməz açıqlama: Bütün İsveç vətəndaşları müharibəyə hazır olmalıdır

İsveç Silahlı Qüvvələrinin Baş Komandanı Mikael Büden və Mülki Müdafiə naziri Karl-Oskar Bolin hesab edirlər ki, bütün ölkə vətəndaşları müharibəyə hazır olmalıdırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska Pravda” TV4-yə istinadən məlumat yayıb.

"İsveçdə müharibə ola bilər və bütün isveçlilər ölkənin müdafiəsini gücləndirmək üçün hərəkətə keçməlidir”, - Bolin bildirib. 

Nazir vəziyyətin ciddi olduğunu vurğulayıb. O, həmçinin mülki müdafiənin müasirləşdirilməsinin kifayət qədər sürətlə getməməsindən narahatlığını ifadə edib.

Onun fikrini Silahlı Qüvvələrin Baş Komandanı da bölüşür və o, "bu, çox ciddi bir vəziyyətdir” və "indi məsələ sözdən və anlayışdan əmələ keçməkdə” olduğunu vurğulayıb.

Büden müdafiə sahəsinə əhəmiyyətli investisiyalar şəklində İsveçin təhlükəsizliyini gücləndirmək üçün son illərdə çox şey edildiyini qeyd edib. 

Eyni zamanda o, İsveçin hələ də NATO-ya üzvlüyünün astanasında olduğunu xatırladıb. Büden hesab edir ki, ölkə Alyansa nə qədər tez tamhüquqlu üzv olarsa, bir o qədər yaxşıdır:

"Biz bu vəziyyətin nə qədər ciddi olduğunu dərk etməliyik... Ukraynadan gələn xəbərlərə baxın və özünüzə sadə suallar verin: əgər burada belə bir şey baş verərsə, mən hazırammı? Nə etməliyəm? Nə qədər çox insan düşünsə, fikirləşsə və hazırlaşsa cəmiyyətimiz bir o qədər güclü olar”, - İsveç Silahlı Qüvvələrinin Baş komandanı bildirib. 
O, müharibə vəziyyətində "güclü vətəndaş cəmiyyəti"nin həmişəkindən daha vacib olduğunu söyləyib. 

Nizami Bağırov